“TikTok”a İspaniya təhdidi

İspaniyanın Gənclər və Uşaqlar Nazirliyi “Maldita.es” qeyri-kommersiya fondunun araşdırmasından sonra “TikTok”dan izahat tələb edib və platformanın ölkədə dayandırılması ehtimalını gündəmə gətirib. Dezinformasiya ilə mübarizə aparan fond sentyabr-oktyabr aylarında 35 gün ərzində platformada 1 000-dən çox uşaq cinsi istismarı videosu tapdığını bildirib. Bu videolar cəmi 48 milyon dəfə izlənib.

Fondun hesabatına görə, platformada 20 mindən çox pedofil olmasından şübhələnilən profil var, onların 7 mini ispandilli hesablardır. Araşdırmaçılar öz hesablarını yaradaraq alqoritmin necə işlədiyini yoxlayıb: üç gün ərzində alqoritm azyaşlıların 19 canlı yayımını tövsiyə edib, 15-i bir səhər məktəblərdən aparılıb. Bir halda İspaniyada 10 yaşlı qızın yayımı tövsiyə edilib, yetkin kişi ona təhrikedici şərhlər yazıb.

“Maldita.es”in təsisçisi və rəhbəri Klara Ximenes Kruz deyib: “Sui-istifadə hansısa kiçik küncdə gizlənmir və onu tapmaq çətin deyil”. Fond platformanı uşaqların hədiyyələr müqabilində cinsi xarakterli hərəkətlərə təhrik edildiyi yayımlardan pay götürməkdə də ittiham edir. Təşkilatın sözlərinə görə, nəticələr dərc olunanda “TikTok” bildirilən məzmunun yalnız onda birini silib.

“TikTok” azyaşlıları qorumamaq ittihamları ilə bir sıra məhkəmə iddiaları və araşdırmalarla üzləşir, bu ittihamları rədd edir. Avropa İttifaqı cümə günü şirkətə “Sizin üçün” lentinin “zərərli” dizaynını dəyişməyi, əks halda böyük cərimələrlə üzləşəcəyini bildirib.

Leave A Reply