Tehrandan danışıq siqnalı

İran prezidenti Məsud Pezeşkian noyabrın 9-da deyib ki, Ali Rəhbər hakimiyyət orqanlarına ölkədəki “nə müharibə, nə sülh” vəziyyətindən çıxış yolu tapmağı tapşırıb. “Danışıqları ləyaqətlə apara və məsələni ləyaqətlə bitirə bilərik”, - o bildirib. “İnterfaks” yazır ki, 28 fevraldan bəri ictimaiyyət qarşısına çıxmayan Müctəba Xamenei bu göstərişi verib.

İran XİN sözçüsü İsmayıl Bəqai bildirib ki, ABŞ sanksiyaları, dəniz blokadasını və İslamabad anlaşmasından sonra tətbiq olunan digər tədbirləri ləğv edərsə, Tehran təklifdəki öhdəliklərini yerinə yetirəcək. Bəqainin sözlərinə görə, iki günlük plan əvvəlki yeddi günlük planın qısaldılmış formasıdır, Qətər və Pakistan hər iki tərəflə əlaqə saxlayır.

ABŞ-nin Dövlət katibi Marko Rubio İranın şərtlərini “qəbuledilməz” və “absurd” adlandırıb. Bəqai isə Livanın “Al Mayadeen” kanalına İranın zənginləşdirilmiş uranı xaricə çıxarmayacağını, hücum edilmiş nüvə obyektlərində yoxlamaların mövcud şəraitdə aparıla bilməyəcəyini deyib. O, Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin bir neçə gün əvvəl Buşehr AES-də olduğunu da bildirib.

“Iran International”ın yazdığına görə, deputat Həmidrza Gudərzi İranın gələcək təhdidlərin qarşısını almaq üçün nüvə silahı əldə etməli olduğunu deyib, amma doktrina dəyişikliyi barədə qərarın yüksək rəhbərliyə aid olduğunu qeyd edib. Pezeşkian eyni çıxışında “ölkədə hər hansı birinin ac yatmasını qəbul edə bilmərəm” deyib və idarəetmədə dəyişiklik çağırışı edib.

Leave A Reply