Ankara-Doha hərbi ittifaqı

Türkiyə və Qətər noyabrın 13-də qarşılıqlı müdafiə sazişi imzalayıb. “Al Jazeera”nin “Reuters”ə istinadla yazdığına görə, saziş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qətər əmiri şeyx Təmim bin Həməd Al Saninin İstanbuldakı görüşündən sonra imzalanıb.

Türkiyə Prezident Administrasiyası “X” sosial şəbəkəsindəki açıqlamasında bildirib ki, Ərdoğan iki ölkənin Körfəz bölgəsində müharibənin yenidən alovlanmasının qarşısını almaq, dialoq və sülh üçün əsas yaratmaq məqsədilə birgə işləməyə davam edəcəyini deyib. Ərdoğanın ofisinin sözlərinə görə, saziş Türkiyə ilə Qətər arasındakı münasibətlərə “yeni ölçü” qatacaq. Sazişin şərtləri açıqlanmayıb.

Türk təhlükəsizlik analitiki Yusuf Alabarda “Al Jazeera”yə deyib ki, İran müharibəsi başlayandan bəri bölgə ölkələri özlərini təhlükəsiz hiss etmir, Körfəz ölkələri, xüsusən Qətər ABŞ-nin təhlükəsizlik təminatlarının lazımi kimi işləmədiyini anlayıb. Onun fikrincə, yaxın vaxtlarda Qətərdə türk silahları və hava hücumundan müdafiə sistemləri yerləşdirilə bilər. Türkiyənin Qətərdə 2015-ci ildən hərbi bazası və əsgərləri var.

Bundan əvvəl Körfəz ölkələri Küveytdə birgə hərbi komandanlığın irəli qərargahını yaratmağa qərar vermişdi. İran ABŞ və İsrailə qarşı müharibə dövründə Körfəzdəki ABŞ bazalarına və enerji obyektlərinə zərbələr endirdiyini bildirib.

Leave A Reply