Körfəzin Küveyt qərargahı
Körfəz Əməkdaşlıq Şurası Birgə Müdafiə Şurasının Bəhreyndə keçirilən 23-cü iclasında Küveytdə Birgə Hərbi Komandanlığın irəli qərargahının yaradılmasına və ora “müvafiq” hərbi qüvvələrin ayrılmasına qərar verib. İclasda Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin müdafiə nazirləri iştirak edib. Qərargahın yeri, hərbçilərin sayı və qüvvələrin növü açıqlanmayıb.
2013-cü ildə yaradılan Birgə Hərbi Komandanlığın baş qərargahı 2021-ci ildə Ər-Riyadda açılıb. “Al Jazeera”nın yazdığına görə, yeni qərarın əhəmiyyəti komandanlığın Körfəzin şimal ucunda, mümkün təhdidlərə daha yaxın bir məntəqədə yerləşməsindədir.
Qərar ABŞ və İsrailin İrana qarşı müharibəsi zamanı Körfəz ölkələrinin raket və dron hücumlarına məruz qalmasından, enerji infrastrukturunun zəifliyinin ortaya çıxmasından sonra qəbul olunub. Şuranın baş katibi Casim əl-Büdeyvi husilərin Səudiyyəyə hücumlarını “təhlükəsizliyə və suverenliyə açıq təcavüz” adlandırıb. Husilərin oktyabrın 10-da Ər-Riyadın Kral Xalid hava limanına hücumunda 14 nəfər ölüb, 300-dən çox insan yaralanıb.
Doha Ali Təhsil İnstitutunun əməkdaşı Muhənnəd Səlum bunun yaxınlaşan İran zərbəsinin işarəsi olmadığını, Körfəz ölkələrinin uzunmüddətli çəkindirmə strategiyasının hissəsi olduğunu deyir: “Region ölkələri özlərinin çəkindirmə gücünə malik olmaq istəyir”.


