Məktəblərə saxta bomba hədəsi

İtaliyada 300-ə yaxın məktəbə bomba hədəsi göndərilib, bir çox bina ehtiyat üçün boşaldılıb. BBC-nin yazdığına görə, təhsil naziri Cuzeppe Valditara İtaliya televiziyasına bunun ehtimal ki, “real təhlükə deyil, kiberhücum” olduğunu deyib. Nazirin sözlərinə görə, İtaliyada və Avropanın başqa yerlərində uçuşları, supermarketləri və hətta xəstəxanaları hədəf alan hədələrin arxasında aydın strategiya var.

Məktublar Roma, Neapol, Vicenza, Florensiya, Piza, Triyest və bir çox başqa şəhərlərdəki məktəblərə göndərilib. Baş nazir Corca Meloni nazirlərin və kəşfiyyat rəhbərlərinin iclasını çağırıb. O, “Facebook”da yazıb ki, indiyədək aparılan yoxlamalar “konkret təhlükə” aşkarlamayıb: “Bu məlumatlar həyəcan və narahatlıq yaratmağa yönəlmiş strategiya ilə bağlı görünür”.

Bir çox məktəb əvvəlcə boşaldılsa da, həyəcan tezliklə aradan qaldırılıb və şagirdlər dərsə qayıdıb. İtaliya mediasının məlumatına görə, son günlərdə 280 məktəb direktoruna hədə gəlib. Ötən həftə İtaliya hava limanları və Avropanın digər aviaşirkətləri də bir sıra saxta bomba hədələrinin hədəfinə çevrilib, təxliyələrə və ciddi gecikmələrə səbəb olub.

Leave A Reply