Uzaqmənzilli raket və nüvə həddi

Fransa Almaniyadan Rusiya ilə mümkün münaqişədə uzaqmənzilli raketləri necə işlədəcəyini dəqiqləşdirməyi istəyir. “Financial Times”ın yazdığına görə, Paris Avropanın nüvə müharibəsinə sürüklənə biləcəyindən ehtiyat edir və Berlinin bu silahların tətbiqi doktrinasını Fransanın nüvə strategiyası ilə uzlaşdırmaq üçün alman rəsmiləri ilə danışıqlar aparır.

Almaniya Rusiyanın dərinliklərinə zərbə endirə bilən uzaqmənzilli silah arsenalını sürətlə artırır. Qəzetin həmsöhbəti olan fransız rəsmi deyib: “Ruslar siqnalı səhv başa düşsələr, heç fərqinə varmadan nüvə həddinə çatmaq olar”. Fransız rəsmilər Moskvanın tərəfdaşların endirdiyi zərbələrə görə məsuliyyəti Parisin üzərinə qoyacağından da narahatdır. Mənbələrdən biri Fransanın almanlarda olmayan nüvə “qrammatikası və lüğəti” yaratdığını deyib.

Yüksək rütbəli alman rəsmi “Financial Times”a Berlinin ümumi doktrina ehtiyacı ilə “tam razı” olduğunu bildirib: “Belə deyil ki, fransızlar bunu tələb edir, biz isə müqavimət göstəririk”. Onun sözlərinə görə, danışıqlar Fransa daxilində nüvə strategiyasının gələcəyi ilə bağlı müzakirələr səbəbindən ləngiyib, indi isə sürət qazanır.

Fransa Avropa İttifaqında nüvə silahına malik yeganə ölkədir. Təxminən iki həftə əvvəl Paris Rusiyaya qarşı müdafiə üçün Avropa ölkələrində nüvə silahı daşıya bilən qırıcılar yerləşdirəcəyini açıqlamışdı.

Leave A Reply