Kadırovdan cəbhə hədəsi

Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiyanın digər bölgələrində yaşayan çeçenləri davranışları hakimiyyətdə narazılıq yaradarsa, Ukraynadakı müharibəyə göndərməklə hədələyib. Azadlıq Radiosunun yazdığına görə, o, noyabrın 10-da Dövlət Dumasının çeçenistanlı deputatı Adam Delimxanovla görüşdə “davranışları əsaslı narazılıq doğuran” şəxslərə “xüsusi hərbi əməliyyat zonasında özlərini göstərmək imkanı” veriləcəyini deyib. Rusiya hakimiyyəti Ukraynaya qarşı müharibəni rəsmən belə adlandırır.

Kadırov “bədxah qüvvələrin ölkə daxilində sabitliyi pozmaq cəhdlərindən” də danışıb, amma kimləri nəzərdə tutduğunu açıqlamayıb. Onun iddiasına görə, bu qüvvələr internet vasitəsilə gənclərə təsir edərək onları qanunsuz hərəkətlərə təhrik edir. O, gənclərlə işin gücləndirilməsini tapşırıb, konkret tədbirləri isə dəqiqləşdirməyib.

Hüquq müdafiəçiləri və fəallar Çeçenistanda qaçırılan sakinlərin, Kadırovun tənqidçilərinin və onların qohumlarının məcburən cəbhəyə göndərildiyini dəfələrlə bildiriblər. 2023-cü ildə İçkeriya hökumətinin başçısı Əhməd Zakayevin qardaşı oğlu, eyni il Kadırovu tənqid edən Yanqulbayev qardaşlarının dörd qohumu cəbhəyə göndərilib. Müxalif fəalların məlumatına görə, təhlükəsizlik qüvvələrinin yerli sakinləri qaçırması davam edir.

Leave A Reply