Tehrandan Argentinaya cavab
İran Xarici İşlər Nazirliyi Argentinanın hərbi dəniz və hərbi hava qüvvələrini terror təşkilatı elan edib. “Iran International”ın yazdığına görə, nazirlik bunu Argentinanın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan etməsinə cavab adlandırıb və Buenos-Ayresin addımını “düşmənçilik” və beynəlxalq hüququn əsas prinsiplərinin pozulması kimi qiymətləndirib.
İran XİN qərarı ABŞ-nin SEPAH-ı terror təşkilatı elan etməsindən sonra 2019-cu ildə qəbul olunan qanuna əsaslandırıb. Nazirliyin istinad etdiyi qanuna görə, “ABŞ-nin SEPAH-ı terror təşkilatı elan etməsi qərarına hər hansı formada qoşulan və ya onu dəstəkləyən bütün ölkələr qarşılıqlı addımla üzləşəcək”. Nazirlik bütün nəticələrə görə məsuliyyətin Argentina hökumətinin üzərinə düşdüyünü bildirib.
Argentina martın 31-də SEPAH-ı terrorla əlaqəli şəxs və qurumların reyestrinə salıb, bu, maliyyə sanksiyaları və digər məhdudiyyətlərə imkan verir. Prezident Xavyer Mileyin ofisi qərarı Buenos-Ayresdə 1992-ci ildə İsrail səfirliyinin partladılması ilə əlaqələndirib, o hücumda 29 nəfər ölüb. 1994-cü ildə AMIA yəhudi icma mərkəzində baş verən partlayışda isə 85 nəfər həlak olub. Argentina hakimiyyəti bu hücumlarda İranı və onun müttəfiqlərini ittiham edir, Tehran isə aidiyyətini rədd edir.
SEPAH-ı ilk dəfə 2019-cu ildə ABŞ terror təşkilatı elan edib, Kanada 2024-cü ildə, Avropa İttifaqı isə 2026-cı ilin fevralında bu addımı atıb.


