70 kiloqram qızıl işi
Bakı Apellyasiya Məhkəməsi İstanbul hava limanında 70 kiloqram qızıl külçə ilə saxlanılan polkovnik-leytenant Qəhrəman Məmmədovun cəzasını 6 ildən 5 il 6 aya endirib. Toplum TV-nin “Qafqazinfo”ya istinadla yazdığına görə, məhkəmə məhkumun bəraət tələbini əsaslı saymayıb, Bakı Hərbi Məhkəməsinin hökmünü yalnız cəza hissəsində dəyişib.
Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi vəzifəsində işləyib. Bakı Hərbi Məhkəməsi aprelin 27-də onu vəzifə səlahiyyətlərindən sui-istifadə və qaçaqmalçılıqda təqsirli bilmişdi. O, ittihamla razılaşmayıb və qızıl qaçaqmalçılığı ittihamının əsassız olduğunu deyib.
İttihama görə, Məmmədov Anar Qasımov adlı şəxslə əvvəlcədən razılaşaraq 2024-cü il noyabrın 22-də ABŞ-dən İstanbula gəlib. Qasımov həmin gün Birləşmiş Ərəb Əmirliklərindən gətirdiyi qızıl külçələrlə dolu çantanı hava limanında gömrük nəzarətindən kənardakı saxlanc yerinə qoyub. İstintaqın versiyasına görə, Məmmədov çantanı götürərək diplomatik pasportundan və vəzifə səlahiyyətlərindən istifadə edib, qızılı bəyan etmədən gömrük sərhədindən keçirib və otelə gedərkən saxlanılıb. Çantada 10 milyon 220 min 900 manat dəyərində 70 kiloqram qızıl tapıldığı bildirilir.


