Saatlıq maaş və qeyri-rəsmi iş

Azərbaycanda bir aydan az müddətə bağlanan əmək müqavilələri və həftədə 20 saat və ya daha az işlər üçün saatlıq minimum əməkhaqqı tətbiq olunması təklif edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Zaur Əliyev noyabrın 11-də Milli Məclisin Əmək və sosial siyasət komitəsində 2027-ci il büdcəsi ilə bağlı qanun layihələrinin müzakirəsində deyib ki, ilkin mərhələdə yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələri əhatə olunacaq, sahələri Nazirlər Kabineti müəyyən edəcək.

Nazir müavininin sözlərinə görə, saatlıq minimum əməkhaqqı aylıq minimum əməkhaqqından hesablanan saatlıq tarifdən yüksək müəyyən ediləcək. O, əməkhaqqının gizlədilməsinin qarşısını almaq üçün yeni mexanizm hazırlandığını da bildirib: maaşlar nazirliyin elektron sistemindən gələn məlumatlar əsasında Mərkəzi Bankın müəyyən etdiyi elektron ödəniş sistemi ilə işçinin seçdiyi bank hesabına köçürüləcək. Bununla maaşın gecikdirilməsi, azaldılmış məbləğdə ödənilməsi və bir hissəsinin gizlədilməsi hallarının izlənəcəyi deyilir.

Deputat Vüqar Bayramov iclasda bildirib ki, ölkədə 5 milyon 105 min məşğul əhalinin yalnız 1 milyon 726 min nəfəri əmək müqaviləsi ilə işləyir: “Bu rəqəmlər göstərir ki, məşğul əhalinin yalnız 35 faizi əmək müqaviləsi çərçivəsində işləyir, qalan 65 faizi isə müqavilə olmadan fəaliyyətini davam etdirir”. Onun fikrincə, saatlıq əməkhaqqı qeyri-rəsmi məşğulluğun leqallaşdırılmasına kömək edə bilər.

Komitə sədri Musa Quliyevin sözlərinə görə, hazırda bir yaş yarımadək uşağa qulluğa görə müavinət 44 manat, bir yaş yarımdan üç yaşadək isə 28 manatdır, bu məbləğ 100 manata qaldırılacaq. Bundan sonra müavinət sosial sığorta müavinəti kimi ödəniləcək və onu almaq üçün ən azı altı aylıq sığorta stajı tələb olunacaq. “Qismən ödənişli sosial məzuniyyət” anlayışı da “uşağa qulluğa görə sosial məzuniyyət” ilə əvəz edilir.

Leave A Reply