Türkiyə-Ermənistan sərhədi sülhü gözləyir

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ermənistan və Azərbaycan yekun sülh sazişi imzalayan kimi Türkiyənin Ermənistanla sərhədi açmağa hazır olduğunu deyib. O, bunu Antalyada keçirilən COP31 iqlim konfransı çərçivəsində Azadlıq Radiosunun erməni xidmətinə müsahibəsində bildirib: “Ermənistan və Azərbaycanın tam razılığa gəlməsini gözləyirik. Bu, bizim üçün vacibdir”.

Uraloğlunun sözlərinə görə, o, ermənistanlı həmkarı ilə danışıb, həm Qars ilə Gümrü arasındakı dəmir yolu keçidinin, həm də Alicandakı quru sərhəd-keçid məntəqəsinin yenidən açılması üçün lazım olan hazırlıq işləri tamamlanıb. Nazir əlavə edib: “Azərbaycanın həssas yanaşdığı məsələlər nəzərə alınmaqla razılıq əldə olunarsa, qənaətimizcə, bundan sonra sərhədin açılması çox vaxt aparmayacaq”.

Ankara onilliklərdir Yerevanla münasibətlərin normallaşmasını Ermənistan-Azərbaycan sülh sazişinin bağlanması şərtinə bağlayır və nazir bu mövqeyi bir daha təkrarlayıb. Türkiyə ilə Ermənistan 2022-ci ildə quru sərhədi üçüncü ölkə vətəndaşları üçün açmaq barədə razılığa gəlsə də, Türkiyə bu qərarı hələlik icra etməyib. Sərhəd 1993-cü ildən bağlıdır.

Ermənistan və Azərbaycan ötən il Vaşinqtonda sülh sazişinin mətnini paraflasalar da, sənəd hələ imzalanmayıb. Bakı imza üçün Ermənistan konstitusiyasından özünə qarşı ərazi iddiası saydığı müddəanın çıxarılmasını əsas şərt kimi qoyur. Azadlıq Radiosunun yazdığına görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 11-də Antalyada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrlik etdiyi COP31 Liderlər Sammitində iştirakı gözlənilir, Azərbaycan prezidenti İlham Əliyev də sammit üçün bir gün əvvəl Türkiyəyə gəlib.

Leave A Reply