Əbu-Dabidən Moskvaya

ABŞ prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Vitkoff noyabrın 12-də Moskvada Vladimir Putinlə görüşəcək. “İnterfaks”ın yazdığına görə, Kuşner bunu Əbu-Dabidə Rusiya və Ukrayna ilə iki günlük danışıqlar başa çatandan sonra açıqlayıb: “Bu gün danışdıqlarımızı müzakirə etmək və bir sıra digər məsələlərdə daha çox irəliləyiş əldə etmək üçün sabah Moskvaya gedirik”. Onun sözlərinə görə, sonra onlar Dublində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski tərəflərin “prinsipcə yeni geniş miqyaslı əsir mübadiləsinə” razılaşdığını, parametrlərin yaxın vaxtda açıqlanacağını deyib. Rusiya Baş Qərargahının nümayəndəsi Aleksandr Zorin isə bunun müharibə dövründə ən böyük mübadilələrdən biri olacağını, hər tərəfdən min nəfərdən çox əsirin dəyişdiriləcəyini və mübadilənin iki-üç həftəyə baş tuta biləcəyini bildirib.

“Bloomberg”in yazdığına görə, Kuşner “əhəmiyyətli irəliləyiş” əldə olunduğunu, amma ərazi məsələsinin ən çətin məsələ olaraq qaldığını deyib, tərəflərin əsir mübadiləsi və Ukrayna üçün təhlükəsizlik zəmanətləri barədə razılığa gəldiyini bildirib. O, tərəflər arasında etimad olmadığını da etiraf edib: “Etimad görmürük”. Medinski isə ərazi məsələsi barədə deyib: “Torpaqlarımızın hər qarışı Rusiyaya qaytarılacaq. Bu və ya digər yolla”.

“Meduza”nın yazdığına görə, Ukrayna nümayəndə heyətinin üzvü, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya mətbuat konfransında “yeni il gələnədək həll yoluna çatmaq üçün yaxşı dinamika” olduğunu deyib. Medinski avropalıların danışıqlarda “vicdanları oyananda” iştirak edə biləcəyini bildirib, Kuşner isə Avropanın prosesə cəlb olunmalı olduğunu deyib.

Leave A Reply