Andiçmədən sonra əsgər ölümü
Naxçıvanda hərbi xidmətə oktyabrın son həftəsində başlayan əsgər Elnar Tağıyev ölüb. Toplum TV-nin və OC Media-nın Meydan TV-yə istinadla yazdığına görə, noyabrın 8-də andiçmə mərasimindən sonra əsgərlər bir neçə saatlığa evə buraxılıb, amma ailə həmin gün günortadan sonra Elnar Tağıyevlə əlaqə saxlaya bilməyib.
Əsgərin yaxınının sözlərinə görə, axşam polis ailəyə zəng edərək onun Naxçıvan şəhərindəki Sahil Parkında intihar etdiyini bildirib. Ailə xəstəxanaya gedərək meyiti təhvil alıb. Yaxınlarına hadisə ilə bağlı istintaq aparıldığı deyilib. Ailə istintaqın nəticəsini gözlədiyini və ölümə görə məsuliyyət daşıyan şəxslər varsa, cəzalandırılmasını istədiyini bildirib. Ölümün dəqiq səbəbi və şəraiti barədə rəsmi açıqlama verilməyib.
Müstəqil Xəzər Hərbi Tədqiqatlar İnstitutunun monitorinqinə görə, 2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib: 13-ü xəstəlikdən, 9-u avtomobil qəzalarında, 7-si digər bədbəxt hadisələrdə, 5-i intihar nəticəsində, biri ehtiyatsızlıqdan ölüb, 9 nəfərin ölüm səbəbi açıqlanmayıb. 2025-ci ildə bu say azı 43 olub. Müdafiə Nazirliyi və digər rəsmi qurumlar hərbi ölümlər barədə tam statistika yaymır.
İnstitutun direktoru Cəsur Məmmədov daha əvvəl Toplum TV-yə qeyri-döyüş itkilərinin səbəbini korrupsiya ilə izah edib: “Hərbi xərclər artırılsa da, büdcədən ayrılan pul əsgərə gəlib çatmır”. Onun fikrincə, ordu müqaviləli sistemə keçməsə və ciddi islahatlar aparılmasa, əsgər ölümləri davam edəcək.


