Şvabe: susmaq olmaz
Almaniya Bundestaqının deputatı Frank Şvabe Meydan TV-yə müsahibəsində Azərbaycanda siyasi səbəblərlə həbs olunanların sayının “durmadan artdığını” deyib. O, Berlində keçirilən “Berlin Freedom Week” çərçivəsində Azərbaycanda həbsdə olan jurnalistlərə dəstək sərgisində iştirak edib.
Şvabe Almaniyanın avtoritar ölkələrlə də iqtisadi əlaqələri olduğunu xatırladıb: “Təəssüf ki, Azərbaycan da artıq belə ölkələrdən biridir. Kağız üzərində demokratik ölkə kimi görünə bilər. Amma diktaturanı xarakterizə edən əlamətlərə baxsaq, onların bu gün Azərbaycanda mövcud olduğunu görərik”. Onun sözlərinə görə, bütün iqtisadi əlaqələrin kəsilməsini tələb etmir, amma “susmaq üçün heç bir səbəb yoxdur”.
Deputat Avropa Şurası Parlament Assambleyasında Azərbaycan mövzusunda fəal çıxış edir. O, Bakının Şura qarşısındakı öhdəliklərini və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını tam yerinə yetirmədiyini deyib: “Biz qeyri-adi heç nə tələb etmirik. Sadəcə həmin qərarların icrasını istəyirik”. Şvabe digər ölkələrin hökumətlərini Azərbaycanla danışıqlarda siyasi məhbusların azad edilməsini tələb etməyə çağırıb.
O, 300-dən çox siyasi məhbusun yalnız rəqəm kimi təqdim edilməsinin kifayət etmədiyini, onların üzlərinin, həyat hekayələrinin və saxlanma şəraitinin göstərilməli olduğunu da vurğulayıb: “Azərbaycan Prezidenti mənim fəaliyyətimdən narazı ola bilər. Amma mən yalnız Azərbaycanın imzaladığı sənədlərə və qəbul etdiyi qaydalara əməl etməsində israr edirəm”. Azərbaycan hökuməti ölkədə siyasi məhbus olduğunu rədd edir.


