Avropanın danışıq komandası

Avropa Şurasının prezidenti Antonio Koşta noyabrın 13-də Dublində Aİ liderlərinin görüşündən sonra Rusiya ilə Ukrayna arasında ABŞ-nin vasitəçiliyi ilə gedən danışıqlarda Avropanı təmsil edəcək komandanın təsdiqləndiyini açıqlayıb. “Bloomberg” agentliyinin yazdığına görə, Avropanı Aİ-nin, Almaniyanın, Fransanın, Böyük Britaniyanın, İtaliyanın və Polşanın milli təhlükəsizlik müşavirləri təmsil edəcək.

Koşta “X” sosial şəbəkəsində yazıb ki, Avropanın bu danışıqlardakı prinsipləri və mövqeyi məlumdur, komanda Aİ-nin bütün üzvləri ilə tam birlik və sıx koordinasiya şəraitində işləyəcək. Adının çəkilməsini istəməyən yüksək vəzifəli Avropa rəsmisi “Bloomberg”ə deyib ki, müşavirlər danışıqlarda texniki səviyyədə iştirak edəcək. Avropa ən yüksək səviyyədə danışıqlara qatılacaq nümayəndəsini hələlik seçməyib. Ukrayna prezidenti Volodimir Zelenski avropalı liderləri danışıqlar üçün öz nümayəndələrini təyin etməyə çağırırdı.

Kreml isə avropalıların danışıqlara qatılması məsələsində son qərarın hələ verilmədiyini deyir. Bundan əvvəl ABŞ prezidentinin nümayəndələri Stiv Vitkoff və Cared Kuşner Moskvada Vladimir Putinlə görüşmüşdülər, Kreml Avropada “yeni təhlükəsizlik arxitekturası” tələbini yenidən gündəmə gətirib.

Həmin gün Polşanın Baş naziri Donald Tusk bildirib ki, Polşa hələlik NATO-nun PURL proqramına pul ayırmayacaq. Polşanın “TVP Info” telekanalının məlumatına görə, Tusk bu barədə NATO-nun baş katibi Mark Rütteyə məlumat verdiyini deyib və qərarı ölkənin yüksək büdcə kəsiri və öz müdafiəsinə çəkdiyi xərclərlə izah edib. PURL proqramını 2025-ci il iyulun 14-də ABŞ prezidenti Donald Tramp və Rütte elan ediblər. Proqramla Avropa ölkələri və Kanada Ukrayna üçün Amerika silahlarını, o cümlədən hava hücumundan müdafiə sistemlərini və döyüş sursatını öz pulları ilə alır. Proqram ABŞ administrasiyası Kiyevə silahı pulsuz verməyi dayandırandan sonra yaranıb.

Leave A Reply