Qəzzada ilk soyuq qurbanı

“Al Jazeera”nın yazdığına görə, Qəzzanın cənubunda, Xan Yunis yaxınlığındakı əl-Məvasi köçkün düşərgəsində yaşayan 9 aylıq Kinan Arqiq noyabrın 12-də bədən temperaturunun kəskin düşməsi nəticəsində ölüb. Tibbi mənbələrə görə, bu, Qəzzada bu qış soyuqla bağlı qeydə alınan ilk ölümdür.

Körpənin 26 yaşlı anası Susan Arqiq deyib ki, onu gecə yanında yatırıb, səhər tezdən oyananda uşağın üzünün göyərdiyini, əllərinin donduğunu görüb: “Oğlum çadırın brezentinə sıxılmışdı. Yorğan-döşək hələ də nəm idi”. Atası Əhməd Arqiqin sözlərinə görə, Kinanın əvvəllər heç bir sağlamlıq problemi olmayıb. Ailə uşaq öləndən sonra su keçirməyən örtük alıb, ondan əvvəl isə nə düzgün çadırları, nə də brezentləri olub.

Keçən həftə güclü yağış və daşqın Qəzzadakı köçkün düşərgələrində çadırları su altında qoyub, ən azı dörd uşaq ölüb. Keçən qış Qəzzada soyuq səbəbindən ən azı 11 nəfərin öldüyü bildirilir. BMT-nin humanitar ofisinə görə, 150 mindən çox çadır hazırdır, amma Qəzzanın kənarında gözləyir. İsrail isə hərbi məqsədlə istifadə oluna biləcək malları məhdudlaşdırdığını deyir, İsrail rəsmilərinə görə, Həmas tərksilah olunmayınca mobil evlərə icazə verilməyəcək.

“Al Jazeera”nın yazdığına görə, 2023-cü ilin oktyabrından bəri Qəzzada ən azı 73 600 fələstinli öldürülüb, evləri dağıdıldığı və ya İsrail ordusunun nəzarətində qaldığı üçün təxminən 1,4 milyon insan çadırlarda və müvəqqəti düşərgələrdə yaşayır.

Leave A Reply