Qəzzada qış, video
7 qat “Formula 1” çempionu Lyuis Hamilton noyabrın 10-da Misirin Qəzza ilə həmsərhəd Şimali Sina vilayətinə, Əl-Ərişə və Rəfah keçid məntəqəsinə gedib. Onu vilayətin qubernatoru Xalid Məgavir qarşılayıb və Misir Qızıl Aypara Cəmiyyətinin yardım anbarlarını göstərib. Hamilton yardım işçilərindən Rəfahdan Qəzzaya nə qədər tez-tez keçə bildiklərini soruşub.
Səfərdən bir neçə gün əvvəl Qəzzanı daşqın basmışdı. Qəzzanın Hökumət Mətbuat Ofisinə görə, noyabrın 7-dən 8-nə keçən gecə 70 min çadırı su basıb. Yerli səhiyyə orqanlarına görə, Dəyr əl-Bələhdə qum səddi çadırların üstünə uçub, ən azı 5 nəfər ölüb, onlardan 4-ü uşaqdır.
BMT-nin humanitar ofisi OCHA bildirir ki, 150 mindən çox çadır hazırdır, amma Qəzzanın kənarında gözləyir. “Save the Children” uşaq hüquqları təşkilatı deyir ki, çadırlar, sığınacaq dəstləri və yanacaq İsrail icazə vermədiyi üçün sərhəddə qalıb. İsrail isə hərbi məqsədlə istifadə oluna biləcək malları məhdudlaşdırdığını deyir. İsrail rəsmilərinə görə, Həmas tərksilah olunmayınca mobil evlərə və tikinti texnikasına icazə verilməyəcək. 2025-ci ilin oktyabrındakı atəşkəs isə Qəzzaya 60 min mobil ev və prefabrik sığınacaq girməsini nəzərdə tuturdu.
Qəzza səhiyyə orqanlarına görə, 2023-cü ilin oktyabrından bəri Qəzzada 74 mindən çox insan öldürülüb, atəşkəsdən sonra da İsrail hücumlarında ən azı 1 610 fələstinli həlak olub.
Azərbaycan Xarici İşlər Nazirliyi 2023-cü ildə Qəzzadakı mülki əhaliyə yardım üçün BMT-nin fələstinli qaçqınlar agentliyinə (UNRWA) 2 milyon dollar ayırdığını açıqlayıb. Digər tərəfdən, “Reuters”in “Kpler” məlumatlarına əsaslanan hesablamasına görə, ötən il İsrailin idxal etdiyi xam neftin 46 faizi Azərbaycandan gəlib. Bu neft Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyəyə, oradan tankerlərlə İsrailə çatır.
Ətraflı videoda:


