Van Qoq üçün hərrac rekordu

“Sotheby’s” hərrac evi Holland rəssamı Vinsent van Qoqun “Çiçəklənən şabalıd ağacları” (“Châtaigniers en fleurs”) tablosunu noyabrın 18-də Nyu-Yorkda 190,4 milyon dollara satıb. Bu, Van Qoq əsərləri üçün yeni hərrac rekordudur: əvvəlki rekord 2022-ci ildə qoyulmuş 117,2 milyon dollar idi.

Tablo 1890-cı ildə, rəssamın həyatının son iki ayında çəkilib. “Sotheby’s”in sözlərinə görə, bu, həmin dövrdən özəl kolleksiyada qalan ən mühüm əsərlərdən biridir. Satışdan əvvəl onun dəyəri 180 milyon dollar qiymətləndirilirdi. Alıcının kim olduğu açıqlanmayıb.

Hərrac evi satışdan saatlar əvvəl tablonun keçmiş alman sahibləri olan Fişer ailəsinin varisləri ilə indiki sahibi Blakyer-Arrieta ailəsi arasındakı mübahisənin həll edildiyini bildirib. BBC-nin yazdığına görə, varislərin vəkili tablonun nasistlərin hakimiyyətə gəldiyi dövrdə məcburiyyət altında satıldığını iddia edirdi: Fişer ailəsinin nəşriyyatı nasistlər dövründə maliyyə itkisinə məruz qaldığına görə əsər İkinci Dünya müharibəsindən əvvəl Amsterdamda satılıb.

“Sotheby’s” açıqlamasında tablonun nasist dövrü ilə bağlı mürəkkəb tarixini və Fişer ailəsinin Holokost zamanı çəkdiyi əzabları nəzərə alaraq iki ailənin hər iki tərəfi qane edən razılığa gəldiyini bildirib. Hərrac evinin məlumatına görə, məşhur alman naşiri Samuel Fişer tablonu 1909-cu ildə alıb, əsər 1934-cü ildə onun ölümündən sonra ailəsinə keçib.

Leave A Reply