Tribunal sədri toxunulmazlıqsız
Polşa Konstitusiya Tribunalı hakimlərinin ümumi yığıncağı noyabrın 18-də tribunalın sədri Boqdan Svençkovskini və onun müavini Bartolomey Soxanskini vəzifələrinin icrasından uzaqlaşdırıb, hər ikisini toxunulmazlıqdan məhrum edib. Qərar Polşanın baş prokuroru Valdemar Jurekin müraciəti əsasında verilib.
Jurek bildirib ki, artıq prokurorluq Konstitusiya Tribunalı rəhbərləri Svençkovskiyə və Soxanskiyə ittiham irəli sürə bilər. Baş prokurorun müraciətində hakimlərin əməliyyat müşahidəsi materiallarından icazəsiz istifadə etdiyi və məxfi məlumatı yaydığı göstərilib. Müraciətlər oktyabrın 30-da, hazırkı Seym tərəfindən seçilmiş hakimlər qrupu ən uzun stajlı hakim Anna Korvin-Piotrovskanı tribunalın rəhbəri elan edəndən sonra verilib.
Konstitusiya Tribunalı hakimlərinin kim olacağı uzun müddətdir Polşanın iki əsas siyasi qüvvəsi arasında mübahisə mövzusudur. Baş nazir Donald Tuskun hökuməti əvvəlki “Hüquq və Ədalət” hökuməti dövründə təyin edilmiş hakimləri dəyişmək istəyir. Prezident Karol Navrotski isə bu il Seymin seçdiyi altı hakimin andiçməsini qəbul etməyib, Svençkovski də yeni hakimləri işə buraxmayıb. Svençkovski də, Navrotski də hazırda müxalifətdə olan “Hüquq və Ədalət” partiyasını dəstəkləyir.


