Qəzzalı həkimə ittihamsız həbs

İsrailin Beerşeva şəhərindəki məhkəmə Qəzzanın şimalındakı “Kamal Advan” xəstəxanasının direktoru, həkim Hüsam Əbu Safiyənin ittiham irəli sürülmədən həbsdə saxlanma müddətini daha altı ay uzadıb. Bu barədə həkimin vəkili noyabrın 18-də Əbu Safiyənin “X” hesabında yazıb.

Vəkilin sözlərinə görə, məhkəmə həkimin “İsrail dövləti üçün təhlükə” yaratdığını bildirib. Paylaşımda deyilir ki, Əbu Safiyə həbs qərarının niyə yenidən uzadıldığını soruşub və “Kamal Advan” xəstəxanasında həkim kimi humanitar və peşə borcunu yerinə yetirdiyinə görə cəzalandırıldığını deyib.

İsrail ordusu Əbu Safiyəni 2024-cü ilin dekabrında xəstəxanaya basqın zamanı digər işçilər və xəstələrlə birlikdə saxlayıb. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı iyulda İsraildən həkimi dərhal azad etməyi və ya ona tanınmış cinayət ittihamı irəli sürüb ədalətli məhkəmə təmin etməyi tələb etmişdi. Ali Komissarlığın açıqlamasına görə, ona Əbu Safiyənin işgəncəyə, uzun müddət təkadamlıq kamerada saxlanmaya, ağır xəsarətlə nəticələnən döyülmələrə məruz qaldığı və tibbi yardımdan məhrum edildiyi barədə məlumat daxil olub.

“İsrail İnsan Haqları üzrə Həkimlər” təşkilatı ötən həftə müstəqil tibbi rəydə həkimin ciddi çəki itirdiyini, hemoqlobin səviyyəsinin düşdüyünü və döş ağrılarının lazımınca yoxlanmadığını bildirib. Təşkilatın sözlərinə görə, İsrailin Ali Məhkəməsi ötən həftə ittihamsız saxlanılan 14 qəzzalı həkimin, o cümlədən xəstəxana direktorlarının azad edilməsi barədə şikayəti rədd edib; bəziləri iki ildən çoxdur həbsdədir.

Həmin gün İsrail ordusu Qəzzanın mərkəzində atəşkəs imzalanandan bəri ilk geniş quru əməliyyatına başlayıb. Xəstəxana rəsmilərinin “Əl-Cəzirə”yə verdiyi məlumata görə, Nuseyrat qaçqın düşərgəsi ətrafında ən azı üç fələstinli öldürülüb. İsrail ordusu əməliyyatın “Sarı xətt” yaxınlığında qüvvələrinə qarşı “təhlükəni aradan qaldırmaq” məqsədi daşıdığını bildirib.

Leave A Reply