Paşinyandan istefa vədi
Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 18-də parlamentdə hökumət saatında Azərbaycanla sülh sazişi imzalanıb ratifikasiya olunandan sonra vəzifəsindən gedəcəyini deyib. “Armenpress” agentliyinin məlumatına görə, Paşinyan vətəndaşlar yeni Konstitusiyanın əleyhinə səs versələr də istefa verməyə hazır olduğunu bildirib.
Deputat Asmik Akopyan müxalifətin sualını xatırladıb: yeni Konstitusiya qəbul olunandan sonra münaqişə ilə bağlı məsələlərin həll ediləcəyinə hansı zəmanət var? Paşinyan bu sualı əsaslı saydığını, son beynəlxalq müzakirələrin də ona cavab axtardığını deyib. Onun sözlərinə görə, yeni Konstitusiya qəbul edilərsə, sülh sazişinin imzalanıb ratifikasiya olunacağına zəmanət var və o, bu məsuliyyəti öz üzərinə götürə bilər.
Baş nazir delimitasiya, anklavlar və qarşılıqlı ərazi iddialarının olmaması məsələlərinə də toxunub, sonuncunu sazişin qüvvəyə minməsi ilə bağlayıb. Paşinyan hər iki halda - referendum uğursuz olsa da, sülh gündəliyi həyata keçsə də - gedəcəyini, bundan sonrakı siyasi prosesi xalqın həll edəcəyini deyib.
Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasından Qarabağa ərazi iddiası kimi qiymətləndirdiyi müddəaların çıxarılmasını şərt qoyur. Ötən gün Ermənistan parlamentinin sədri Ruben Rubinyan bu şərti qəbul etmədiklərini demişdi. Saziş mətni 2025-ci ilin avqustunda Vaşinqtonda paraflanıb, lakin hələ imzalanmayıb.


