Güləşçilər Ermənistana gedir

Azərbaycan güləşçiləri noyabrın 25-dən dekabrın 1-dək Ermənistanda keçiriləcək kar idmançılar arasında güləş üzrə Avropa çempionatında iştirak edəcək. Bu barədə “Prosport.az” saytı yazır. Saytın məlumatına görə, Azərbaycanın yarışda iştirakı ölkə rəhbərliyi səviyyəsində razılaşdırılıb.

Azərbaycan Milli Deflimpiya Komitəsi Avropa Karlar İdman Təşkilatının (EDSO) üzvüdür. Çempionat böyüklər arasında 8-ci, yeniyetmə və gənclər arasında 5-ci, qadınlar arasında isə ilk dəfə keçirilir. Yarışın məkanı kimi müxtəlif mənbələrdə Yerevan, Vanadzor və ya Tsaxkadzor göstərilir.

Bu ilin iyulunda Bakıda keçirilən 17 yaşadək güləşçilərin dünya çempionatında Ermənistandan 16 idmançı iştirak etmişdi, onlardan biri qızıl, ikisi bürünc medal qazanmışdı. Saytın yazdığına görə, Azərbaycan güləşçiləri ilə yanaşı, Azərbaycanın karate üzrə yeniyetmə və gənclər komandasının da fevralda Yerevanda keçiriləcək Avropa çempionatında iştirakı gözlənilir. Milli Deflimpiya Komitəsinin İdarə Heyətinin sədri ötən ay səhiyyə naziri təyin olunmuş Anar Bayramovdur.

Leave A Reply