Əsgər ölümünə görə həkimə həbs
Füzuli Hərbi Məhkəməsi Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin cərrahiyyə bölməsinin baş ordinatoru N.A.-nı əsgər Əli İbrahimlinin ölümündə təqsirli bilib və ona 2 il 8 ay həbs cəzası verib. “APA” agentliyinin əldə etdiyi məlumata görə, həkim cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək, hakim Əli Süleymanov həkimin zərərçəkən tərəfə maddi ziyana görə 6 min, mənəvi ziyana görə 3 min manat ödəməsinə də qərar verib.
İttihama görə, hadisə ötən ilin oktyabrında baş verib. Özünü pis hiss edən əsgər hərbi hissənin tibb məntəqəsinə müraciət edib, növbətçi həkim onda taxikardiya aşkarlayıb və başqa hərbi hissəyə göndərib. Əsgər orada cərrahiyyə bölməsinin baş ordinatoruna ürəyinin təxminən iki aydır ağrıdığını deyib.
İttihamda deyilir ki, həkim bu barədə aidiyyəti üzrə məlumat verməyib, klinik protokolun tələblərini pozub, zəruri müayinələr aparmayıb və yalnız əsgərin təzyiqini ölçməklə kifayətlənib. Əsgərin təcili tibbi yardıma ehtiyacı olmasına baxmayaraq, həkim onun xidmət etdiyi hissəyə qaytarılması barədə göstəriş verib. Hissəyə qayıtdıqdan qısa müddət sonra əsgərin vəziyyəti yenidən pisləşib, hospitala aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Füzuli Hərbi Məhkəməsi həkimi Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsi (qulluq vəzifəsinə səhlənkar yanaşma, ehtiyatsızlıqdan ölümə səbəb olduqda) ilə təqsirli bilib. Bu ayın əvvəlində Naxçıvanda andiçmədən sonra evə buraxılan gənc əsgər Elnar Tağıyevin ölümü də ictimaiyyətdə suallar doğurmuşdu.


