Ermənistandan folqa idxalı
Dövlət Gömrük Komitəsinin statistikasına görə, Azərbaycan bu ilin yanvar-sentyabr aylarında Ermənistandan 96,46 min dollarlıq mal idxal edib. Bu məbləğin 95,5 min dolları sentyabrın payına düşüb.
Komitənin məlumatına görə, idxalın demək olar hamısı 95,34 min dollar dəyərində 19,41 ton alüminium folqadır. Statistikada həmçinin 60 dollarlıq sintetik parçadan kişi şalvarı, kombinezon və şortlar, 100 dollarlıq pencəklər və ilin əvvəlində gətirilmiş qızılgüllər var. Bu ilin aprelində rəsmi statistikada Azərbaycanın Ermənistandan cəmi 1 632 manatlıq məhsul idxal etdiyi göstərilmişdi.
Eyni dövrdə Azərbaycanın Ermənistana ixracı 23,45 milyon dollar olub. Azərbaycan ötən ilin dekabrında Ermənistana neft məhsulları ixracına başlamışdı.
Ümumilikdə Azərbaycanın xarici ticarət dövriyyəsi yanvar-sentyabrda 37,211 milyard dollara çatıb və ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artıb. İxrac 28,3 faiz artaraq 23,865 milyard, idxal isə 20,4 faiz azalaraq 13,346 milyard dollar olub.


