Polşada Rusiya təxribatı planı
Polşanın “Rzeczpospolita” qəzeti yüksək vəzifəli mənbələrə istinadən yazır ki, Rusiya xüsusi xidmətləri oktyabrın sonu və ya noyabrın əvvəlində Polşa ərazisində təxribat törətməyi planlaşdırıbmış. Qəzetin mənbələrinə görə, plan sərhədin keçilməsini və Rusiyanın öz ərazisindəki obyektə hücumun imitasiyasını da əhatə edə bilərdi, təxribat məsuliyyəti Kiyevin üzərinə atmaq üçün “saxta bayraq” əməliyyatı kimi keçirilə bilərdi.
Mənbələrin sözlərinə görə, xəbərdarlıq tərəfdaş ölkələrin xüsusi xidmətlərindən gəlib, Polşa kəşfiyyatının analitikləri də təxribat ehtimalına işarə edib. Qəzetə görə, oxşar xəbərdarlıqlar Estoniya, Latviya və Litvanın xüsusi xidmətlərinə də göndərilib. Mənbələrdən biri hücumun hansı obyektlərdə olacağı barədə konkret məlumat olduğunu və Rusiyanın çoxlu qurban hesablaşdığını deyib.
Digər mənbə planı İkinci Dünya müharibəsindən əvvəl nasist Almaniyasının Qlivitsedə təşkil etdiyi təxribata bənzədib. Onun sözlərinə görə, sərhədi keçənlər çox güman ki, güllələnəcəkdi, ya da onların üzərində Ukraynadan olduqlarını göstərən “sübutlar” tapılacaqdı, məqsəd isə Ukraynaya yardımın dayandırılması idi.
Noyabrın əvvəlində Polşanın Baş naziri Donald Tusk Kalininqrad vilayəti ilə sərhəddə təxribat cəhdi qeydə alındığını demişdi. Tuskun sözlərinə görə, sərhəd xidməti sərhəddə əllərində fənər olan insanların şübhəli hərəkətini görüb, müvafiq qüvvələr tez səfərbər edilib və təxribatın qarşısı alınıb.


