Abzas işinin üç ili
“Amnesty International” insan haqları təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers noyabrın 17-də bildirib ki, “Abzas Media”nın yeddi jurnalisti üç ildir ailələrindən uzaqda, ağır şəraitdə həbsdə saxlanılır. “Azadlıq Radiosu”nun yazdığına görə, Strazers onları Azərbaycanda müstəqil jurnalistikaya qarşı başlayan genişmiqyaslı təqiblərin ilk hədəfləri adlandırıb.
Təşkilatın açıqlamasına görə, jurnalistlərin yaxınları və vəkilləri həm “Abzas Media” əməkdaşlarına, həm də tənqidi fəaliyyətinə görə həbs edilən digər şəxslərə qarşı pis rəftarın artdığını deyir: təkadamlıq kamerada saxlanma, tibbi yardımdan məhrumetmə və döyülmə. Strazers Azərbaycan hakimiyyətini ifadə azadlığı hüququndan istifadə etdiyinə görə həbs olunan hər kəsi dərhal və qeyd-şərtsiz azad etməyə, məhbuslara lazımi tibbi yardım göstərməyə və zorakılıq iddialarını araşdırmağa çağırıb.
“Abzas Media”nın direktoru Ülvi Həsənli 2023-cü il noyabrın 20-də saxlanılıb, ardınca nəşrin daha beş jurnalisti və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs edilib. 2025-ci il iyunun 20-də onların yeddisinə də maliyyə ittihamları ilə 9 ilədək həbs cəzası verilib. Jurnalistlər ittihamları rədd edir və həbslərini peşə fəaliyyətləri ilə bağlayırlar. Sonradan oxşar ittihamlarla “Toplum TV” jurnalistlərinə bu ilin iyulunda 12 ildən 15 ilədək həbs cəzası verilib, “Meydan TV” əməkdaşlarının məhkəməsi isə davam edir.
Bu ayın əvvəlində Ülvi Həsənlinin təkadamlıq kameraya salındığı, həbsxana rəhbərliyinin ondan “Abzas Media”nın təcridxanalardakı şəraitə dair materiallarını silməyi tələb etdiyi, Həsənlinin də buna etiraz olaraq aclıq aksiyasına başladığı bildirilib. Rəsmi qurumlar isə bu cür iddiaları təkzib edir və bütün məhbusların hüquqlarının qorunduğunu bildirir.


