Kərimli sualına cavab
Xarici işlər naziri Ceyhun Bayramov noyabrın 17-də almaniyalı həmkarı Yohan Vadefulla Bakıda birgə mətbuat konfransında “Politico” nəşrinin jurnalisti Hans fon der Burxardın AXCP sədri Əli Kərimlinin həbsi barədə sualına cavab verib. “Qafqazinfo” saytının yazdığına görə, Bayramov deyib: “Kiminsə müxalifət nümayəndəsi olması onu hüquqi məsuliyyətdən azad etmir”.
Nazir sözlərinə belə davam edib: “Siz deyirsiniz ki, hazırda onunla bağlı istintaq gedir, araşdırmalar aparılır və hər bir hüquqi dövlətdə olduğu kimi, hər bir şəxs öz etdiyi əməllərə görə qanun qarşısında bərabərdir, qanun qarşısında cavab verməlidir. Hazırda gedən hüquqi araşdırma Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə həyata keçirilir. Nəticədə məhkəmənin yekun qərarı nədən ibarət olacaqsa, o da bütün suallara cavab verəcək”.
Dövlət Təhlükəsizliyi Xidməti Əli Kərimlini Cinayət Məcəlləsinin 278.1-ci maddəsi (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) ilə ittiham edir, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Kərimli və partiyası ittihamları siyasi motivli sayır. Bu ayın əvvəlində Kərimli insan haqları sahəsində Maqnitski Mükafatına layiq görülüb.
Vadeful isə Bakıya səfərindən əvvəl Azərbaycanda insan haqlarını da müzakirə edəcəyini demişdi. O, mətbuat konfransında İran rəhbərliyini təcili şəkildə danışıqlara qoşulmağa çağırıb, Xəzər hövzəsi və Körfəz ölkələri daxil olmaqla bütün regionun yeni hərbi eskalasiyadan qorunmasının vacibliyini vurğulayıb. Alman nazir Ermənistan və Azərbaycan arasında sülh sazişinin nəhayət imzalanıb qüvvəyə minməsini çox istəyəcəyini də deyib.


