Sahil torpaqları bir əldə

Prezident İlham Əliyevin noyabrın 16-da imzaladığı fərmana görə, Xəzərin Azərbaycan sahillərində torpaqların idarə olunması, istifadəsi və mühafizəsi sahəsində vahid dövlət siyasətini bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirəcək. Sahilboyu ərazilərin sərhədləri və hüquqi rejimi müəyyənləşdiriləcək, torpaqlar istifadəyə və icarəyə “bir pəncərə” prinsipi ilə veriləcək. Fərmanda qanunsuz torpaq zəbtinə nəzarətin gücləndirilməsi, monitorinq və söküntü tədbirləri də nəzərdə tutulur.

Əmlak Məsələləri Dövlət Xidməti dəyişiklikləri Xəzərin geri çəkilməsi, sahillərdə tikintinin artması və ekoloji vəziyyətin pisləşməsi ilə əsaslandırır. Quruma görə, rəqəmsal idarəetmə sistemi inzibati prosedurları sadələşdirəcək, sahibkarların müraciətləri elektron qaydada həll olunacaq.

“Azadlıq Radiosu”nun yazdığına görə, Bakı kəndlərində və digər sahilyanı ərazilərdə uzun illərdir işləyən kiçik çimərliklərin, kafe və istirahət obyektlərinin mövcud sənədlərinin necə qiymətləndiriləcəyi, yeni icarə şərtlərinin hansı meyarlarla müəyyən olunacağı və söküntünün hansı obyektləri əhatə edəcəyi barədə konkret mexanizmlər açıqlanmayıb.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli radioya deyib ki, sahil torpaqlarının bir qurumun əlində olması pərakəndəliyi azalda və qanunsuz zəbtin qarşısını ala bilər, amma bütün sahibkarlara eyni qaydalar tətbiq olunmasa, bazardakı bərabərsizlik dərinləşəcək. “Əsas şərt bütün investorlar üçün eyni hüquqi və iqtisadi qaydaların tətbiq edilməsidir. Sea Breeze kimi iri layihələrlə kiçik sahibkarlıq subyektlərinə münasibətdə fərqli yanaşma olarsa, sağlam rəqabət mühiti pozula bilər”, - deyə Nəsirli bildirib. Onun fikrincə, kiçik sahibkarların iri investorların maraqları naminə sahillərdən sıxışdırılması istisna edilməməlidir.

Deputat Rövşən Muradov isə bu narahatlığı bölüşmür. O deyir ki, zonalaşdırma və “bir pəncərə” prinsipi investisiya layihələrinə sərf olunan vaxtı və xərcləri azaldacaq, kiçik sahibkarlar üçün aydın icarə qaydaları və şəffaf seçim meyarları müəyyən edilməlidir. Deputatın sözlərinə görə, fərman mövcud qanunsuz fəaliyyətin avtomatik leqallaşdırılmasını nəzərdə tutmur.

Leave A Reply