Qadın həbsxanasından şikayətlər

Həbsdə olan “Abzas Media” jurnalisti Elnarə Qasımova həbsxanadan yazdığı yazıda iddia edir ki, qadınların saxlanıldığı 4 saylı Cəzaçəkmə Müəssisəsinə bu ilin aprelində ikinci dəfə rəis təyin olunan Vaqif İsmayılov məhkumlara qarşı zor tətbiq edir. Yazı noyabrın 13-də “Abzas Media”nın saytında dərc olunub. Müəssisədə 700-ə yaxın qadın saxlanılır.

Qasımovanın məhkumlara istinadən yazdığına görə, İsmayılovun bu müəssisədə ilk rəisliyi 1 il 2 ay çəkib, o, çoxsaylı şikayətlərdən sonra başqa müəssisəyə keçirilib. Məhkumlar deyir ki, rəis geri qayıdandan sonra səhər yoxlamasında əvvəlki şikayətlərin nəticəsiz qaldığını xatırladıb, artıq döyməyəcəyini, amma cərimə təcridxanasından və rezin dəyənəkdən istifadə edəcəyini deyib. Yazıda iddia olunur ki, təyinatından 15 gün sonra bir qadın məhkum rəisin kabinetində döyülüb və cərimə təcridxanasına salınıb.

Məhkumların sözlərinə görə, cərimə təcridxanası döyülmə izlərini gizlətmək üçün istifadə olunur, qadınlar xəbərdarlıq və töhmət verilmədən, yerişinə və ya xalatının düyməsinə görə belə ora göndərilir. Bu cəzalar şəxsi işə yazıldığı üçün onların vaxtından əvvəl azad olunmasına mane olur. Cəzaların İcrası Məcəlləsinə görə, qadın məhkum yalnız müdiriyyətin yazılı və əsaslandırılmış qərarı ilə ən çoxu on günə cərimə təcridxanasına keçirilə bilər.

Yazıda müəssisədə məhkumlardan pul tələb olunduğu da iddia edilir. Məhkumların dediyinə görə, gözəllik salonunda bir iş stolunun icarəsi 30 manat, toxuculuqda dörd nəfərin bölüşdüyü stolun icarəsi 200 manatdır, kameraların təmiri üçün isə məhkumlardan 20 manatdan 200 manatadək pul toplanıb. Görüşə gələn ailələrdən sovqatın yoxlanması üçün 20-50 manat, gündəlik telefon danışığı üçün ayda 150-200 manat istənildiyi bildirilir. Qanuna görə məhkumların həftədə iki dəfə 15 dəqiqəlik telefon danışığı hüququ var, yazıya görə isə pul verməyənlər ayda cəmi bir dəfə videozəng edə bilir.

Qasımovanın yazdığına görə, İsmayılov məhkumlara bu vəzifəyə müəssisəni “yığışdırmaq” üçün ədliyyə naziri Fərid Əhmədovun göstərişi ilə təyin olunduğunu deyib. Penitensiar Xidmət və Ədliyyə Nazirliyi iddialar barədə hələlik açıqlama verməyib.

Elnarə Qasımova “Abzas Media işi” üzrə 2025-ci ilin iyununda 8 il həbs cəzası alıb. Həbsdəki jurnalistlər və onların həmkarları bu işin müstəqil jurnalistikaya görə açıldığını deyir.

Leave A Reply