Xulio İqlesiasa istintaq
İspaniyanın Milli Məhkəməsi məşhur müğənni Xulio İqlesiası iki keçmiş qadın işçisinə qarşı cinsi istismar və təcavüzdə ittiham edən şikayət üzrə cinayət istintaqı açıb. BBC-nin yazdığına görə, Karib dənizi regionunda 83 yaşlı müğənninin yanında işləmiş qadınlar hadisələrin 2021-ci ildə Baham adalarında və Dominikan Respublikasında baş verdiyini iddia edir. İqlesias iddiaları əvvəllər rədd edib.
Hakim Antonio Pinya noyabrın 18-də yaydığı açıqlamada şikayətdəki izahatın və ilkin sübutların cinayət işi açmağa əsas verdiyini bildirib. İstintaq cinsi azadlığa qarşı ehtimal olunan cinayətləri, həmçinin hücum və alçaldıcı rəftarı əhatə edəcək. Məhkəmə isə şikayətdəki insan alveri və əmək hüquqlarına qarşı cinayət iddialarını araşdırmayacaq: hakimin sözlərinə görə, qadınların işə götürülməsində “aldatma və hiylə olmayıb”. Qadınlar fevralın 3-də ifadə verməyə çağırılıb.
İspaniya prokurorluğu bu ilin əvvəlində cinayətlərin xaricdə baş verdiyini əsas gətirərək işi bağlamışdı, ötən ay isə mövqeyini dəyişib məhkəmənin bu işə baxmaq səlahiyyəti olduğunu bildirib. İspaniya qanunvericiliyinə görə, məhkəmələr müəyyən şərtlərlə İspaniya vətəndaşlarının xaricdə törətdiyi cinayətlərə baxa bilər.
İddialar ilk dəfə yanvarda İspaniyanın “El Diario” qəzeti ilə “Univision” telekanalının üç illik birgə araşdırmasında dərc olunub. Araşdırmada qadınlar ev işçisi və fizioterapevt kimi təqdim edilib və cinsi istismardan, alçaldıcı iş şəraitindən danışıblar. Tanınmış sənətçilərin məhkəmə işləri son vaxtlar diqqət mərkəzindədir. 1960-cı illərdən İspaniyanın ən tanınmış müğənnilərindən olan İqlesias dünyada milyonlarla albom satıb.


