Çörəyə limit qoyulub
İran hakimiyyəti azı üç əyalətdə - Mərkəzi, Xuzistan və Zəncan əyalətlərində - ailələrin güzəştli qiymətə aldığı çörəyin miqdarını məhdudlaşdırmağa başlayıb. “Azadlıq Radiosu”nun fars xidmətinin yazdığına görə, subsidiyalı çörək limiti bitdikdən sonra alıcılar çörəyi 5,5 dəfə baha qiymətə almalı olurlar. Rəsmilər bu barədə ziddiyyətli açıqlamalar verir.
Daxili İşlər Nazirliyi yeni sistemi “çörək alışının idarə edilməsi” adlandırır. Mexanizm çörək sexlərindəki kart oxuyan cihazlar vasitəsilə işləyir. Plana görə, hər kəsə ayda təxminən 8 kiloqram subsidiyalı un ayrılır; unun kiloqramı 23 min rialdır, bu, 1 sentdən azdır. Limitdən sonra çörək sərbəst bazar qiyməti ilə, kiloqramı 126 min 500 rialdan, yəni təxminən 5 sentdən satılır. Sərbəst bazarda 1 dollar təxminən 2,7 milyon rial, aylıq minimum əməkhaqqı isə təxminən 166 milyon rial, yəni 61 dollardır.
Addımı hətta hakimiyyətə yaxın media da tənqid edib. Baş redaktorunu ali dini lider təyin edən mühafizəkar “Keyhan” qəzeti noyabrın 16-da prezident Məsud Pezeşkian hökumətini çörəyi “gizli və şübhəli şəkildə” norma ilə bölüşdürməkdə ittiham edib və bunun insanların çörək sexlərinə axışmasına səbəb olduğunu yazıb. İslahatçı “Şərq” qəzeti hökumətin sistemi “səssizcə” işə salmasını tənqid edib, mühafizəkar “Tabnak” saytı isə daha çox çörək alınmasının sui-istifadə deyil, yoxsulluq əlaməti olduğunu, aztəminatlı ailələrin başqa ərzağa pulu çatmayanda əsasən çörəklə qidalandığını yazıb.
Pezeşkian isə noyabrın 18-də nəzarətin sərtləşdirilməsini müdafiə edib. Prezident ucuz enerji və əsas ərzaq məhsullarından geniş sui-istifadə olduğunu deyərək bir gündə yanacaqdoldurma məntəqələrindən dəfələrlə yanacaq alanları, güzəştli elektrik enerjisi işlədən kriptovalyuta istehsalçılarını və “ayda 18 tona qədər subsidiyalı çörək alan” adamları misal çəkib.


