Polşa sərhədində partlayış

Polşada Rusiyanın Ukraynaya gecə hücumu zamanı ölkənin cənub-şərqinə Rusiya raketi düşüb. Polşa mediasının istinad etdiyi müdafiə naziri Vladislav Kosiniak-Kamışın sözlərinə görə, üç düşmə yeri araşdırılır: Novı Lipovets kəndində bunun “X-101” qanadlı raketi olduğu artıq təsdiqlənib, ikinci yerdə də raketdən söhbət gedir, üçüncüsü isə çox güman ki, reaktiv mühərrikli dron olub.

Nazir heç kimin xəsarət almadığını və infrastrukturun dağılmadığını deyib. Noyabrın 20-də səhər saat 06:30 radələrində Ukrayna sərhədinə yaxın Chmielek kəndindəki müşahidə kamerası uzaqda partlayışı qeydə alıb. İnfrastruktur naziri Dariuş Klimçakın sözlərinə görə, Rudnik nad Sanem şəhərində dəmir yolu ərazisi yaxınlığında güclü səs eşidilib, lakin dəmir yoluna zərər dəymədiyi müəyyən edilib. “France 24”ün yazdığına görə, Rusiyanın Varşavadakı səfirliyi sorğuya dərhal cavab verməyib.

Baş nazir Donald Tusk hazırda heç bir təhlükə olmadığını və hadisə yerində xilasetmə xidmətlərinin işlədiyini deyib. Hadisə zamanı Lublin və Podkarpatsk voyevodalıqlarında hava həyəcanı elan olunub, sakinlərə hava hücumu təhlükəsi barədə xəbərdarlıq göndərilib. Polşa və NATO müttəfiqlərinin hərbi təyyarələri havaya qaldırılıb, hava hücumundan müdafiə sistemlərinin hazırlığı artırılıb, Jeşuv hava limanı isə işini müvəqqəti dayandırıb. Prezident Karol Navrotski vəziyyət barədə məlumatlandırılıb. DW-nin məlumatına görə, Polşa ərazisində iki qanadlı raketin və bir dronun qalıqları tapılıb. Baş nazir Donald Tusk baş verənləri qəsdən edilmiş təxribat adlandırıb və böhran qərargahını toplayıb.

Rusiya həmin gecə Ukraynanın bir neçə şəhərinə zərbələr endirib. “Kyiv Post”un yerli hakimiyyətlərə istinadən yazdığına görə, Kiyevdə “Kiyevvodokanal”ın üç işçisi, Lvovda isə ilkin məlumata görə, iki nəfər ölüb; Xarkov və Dnepropetrovsk vilayətlərində 15 nəfər yaralanıb. Rusiya Müdafiə Nazirliyi hədəflərin hərbi-sənaye, enerji və nəqliyyat obyektləri olduğunu bildirib.

Hücum ABŞ, Rusiya və Çin liderlərinin Çinin Şençjen şəhərindəki görüşündən və Ukraynanın müttəfiqlərinin Berlindəki sammitindən bir gün sonra baş verib. Polşa ərazisinə əvvəllər də Rusiyanın Ukraynaya hücumları zamanı dronlar və raket qalıqları düşüb.

Leave A Reply