Elektrik ixracı kəskin azalıb
Azərbaycanın elektrik enerjisi ixracı bu ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrünə nisbətən həcmcə 2,8 dəfə, dəyərcə 3,1 dəfə azalıb. “Trend” agentliyinin Dövlət Statistika Komitəsinin hesabatı əsasında hesablamasına görə, doqquz ayda Rusiyaya, Gürcüstana və İrana 17,6 milyon dollar dəyərində 341,1 milyon kilovat-saat elektrik enerjisi ixrac edilib. Bu, ötən ilin eyni dövründən 599,4 milyon kilovat-saat azdır.
Üç ölkədən yalnız İrana satış artıb: İrana 1,04 milyon dollarlıq 36,6 milyon kilovat-saat elektrik enerjisi ixrac edilib, bu, həcmcə 52,8 faiz çoxdur. Eyni dövrdə Azərbaycan İrandan da 28,5 milyon kilovat-saat elektrik enerjisi alıb, idxal həcmcə 30,9 faiz artıb.
Elektrik enerjisi ixracı azalsa da, Azərbaycanın bu üç ölkədən idxalı artıb: idxal 161 milyon kilovat-saata çatıb və həcmcə 19,7, dəyərcə 33,2 faiz çoxalıb, dəyəri 7,9 milyon dollar olub. Beləliklə, doqquz ayda ixrac idxaldan cəmi 2,1 dəfə çox olub.
Ölkədə elektrik enerjisi istehsalı da azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-sentyabrda 20 milyard 29,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib, bu, ötən ilin eyni dövründən 2,3 faiz azdır. İstehsalın əsas hissəsini verən istilik elektrik stansiyalarında hasilat 9,5 faiz azalaraq 15 milyard 170,3 milyon kilovat-saat olub, su elektrik stansiyalarında isə 15 faiz artaraq 2 milyard 739,5 milyon kilovat-saata çatıb.


