Həftədə iki gün istirahət

Braziliyada iş həftəsi beş gün olacaq. Braziliya hökuməti altıgünlük iş həftəsini ləğv edən və işçilərə həftədə iki istirahət günü verən qərarı dərc edib. Bu barədə hökumətin mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

Yeni qaydalar həftədə iki istirahət gününə keçidi nəzərdə tutur. Qərar həmkarlar ittifaqlarının, deputatların və ictimaiyyətin dəstəklədiyi geniş kampaniyanın nəticəsində qəbul olunub.

Braziliyanın əmək naziri Luis Marinyo islahatın işçilərin əməkhaqlarının azaldılmasına və mövcud əlavələrin ixtisarına səbəb olmayacağını deyib. Braziliyada indiyədək geniş yayılmış iş həftəsi qrafikinə görə, işçilər altı gün işləyib bir gün istirahət edirdi. Marinyo hökumətin həftəlik iş vaxtının 44 saatdan 40 saata endirilməsini də müdafiə etdiyini bildirib. Altıgünlük iş həftəsinin ləğvi Braziliya Konqresində və Ali Məhkəmədə də müzakirə olunur. Azərbaycanda isə Milli Məclis noyabrın 17-də Əmək Məcəlləsinə dəyişiklikləri birinci oxunuşda qəbul edib: dəyişikliklərlə saatlıq əməkhaqqı tətbiq olunur.

Leave A Reply