Kitabxanalar mindən çox azalıb

Azərbaycanda son 15 ildə kütləvi kitabxanaların sayı 26 faizdən çox, yəni 1040 vahid azalıb. “Abzas Media” bunu Dövlət Statistika Komitəsinin noyabrın 19-da yaydığı “Azərbaycanda təhsil, elm və mədəniyyət” statistik məcmuəsi əsasında hesablayıb. Rəsmi statistikaya görə, 2010-cu ildə ölkədə 3 min 947 kütləvi kitabxana fəaliyyət göstərirdisə, 2015-ci ildə onların sayı 3 min 242-yə, 2025-ci ildə isə 2 min 907-yə düşüb.

Ən böyük azalma 2010-2015-ci illərdə olub: bu dövrdə 705, sonrakı on ildə isə daha 335 kitabxana azalıb. Təkcə 2025-ci ildə kitabxanaların sayı 7 vahid azalıb; kitabxana işçilərinin sayı 6978-dən 6637-yə, oxuculara verilən kitabların sayı isə 25,6 milyondan 24,5 milyona enib.

Rəsmi məlumata görə, Mədəniyyət Nazirliyinin sistemindəki 735 kitabxananın əsaslı təmirə ehtiyacı var, 70 kitabxana isə qəzalı vəziyyətdədir.

Mədəniyyət naziri Adil Kərimli iyunun 10-da Milli Məclisdə keçirilən ictimai müzakirədə sovet dövründən qalmış kitabxana sistemində həm infrastruktur, həm də məzmun baxımından ciddi problemlər olduğunu demişdi. Nazir kitabxanaların bağlanması ilə bağlı iddiaları rədd edib və dəyişikliklərin məqsədinin sistemi müasirləşdirmək, resurslardan daha səmərəli istifadə etmək və xidmətin keyfiyyətini artırmaq olduğunu bildirib.

Təhsil eksperti Elçin Əfəndi “Abzas Media”ya kitabxanalara marağın azalmasını müəssisələrin özlərindəki problemlərlə də əlaqələndirib: onun sözlərinə görə, bir çox kitabxananın fondu yenilənmir, kitablar köhnə nəşrlərdir, oxucular üçün şərait qənaətbəxş deyil. Ekspertlər kitabxana şəbəkəsinin kiçilməsinin xüsusilə regionlarda əhalinin kitaba çıxışını məhdudlaşdıra biləcəyindən narahatdır, çünki kəndlərdə kitabxana həm də mədəni fəaliyyət üçün ictimai məkandır.

Leave A Reply