Şikayətdən sonra 30 sutka həbs

Bakıda polis zorakılığına məruz qaldığını deyən kuryer Məhəmməd Məmmədxanov 30 sutka inzibati həbs olunub. Onun yaxınları noyabrın 20-də “Meydan TV”yə deyib ki, Məmmədxanov saxlanılaraq Xətai Rayon Məhkəməsinə aparılıb və xuliqanlığa görə 30 sutka inzibati həbsə məhkum edilib.

Həbs “Meydan TV”nin noyabrın 19-da Məmmədxanovun polis əməkdaşlarına qarşı şikayəti barədə videosüjet yaymasından bir gün sonra baş verib. Kuryerin sözlərinə görə, o, restorandan Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinə yemək sifarişi çatdırıb, bu vaxt park etdiyi motosikleti cərimə meydançasına aparılıb.

Məmmədxanov deyib ki, motosikletini geri almaq üçün məsələni aydınlaşdırmağa çalışarkən ona şöbə rəisinin müavininin qəbuluna getməyi tövsiyə ediblər. Onun iddiasına görə, qəbul zamanı polis əməkdaşları onu təhqir edib və döyüblər. Kuryer hadisəni sosial şəbəkələrdə yayıb; onun sözlərinə görə, bundan sonra görüntüləri və şikayətini silməsi müqabilində ona 500 manat təklif olunub.

Daxili İşlər Nazirliyi və Xətai Rayon Polis İdarəsi kuryerin iddialarına və onun həbsinə hələlik münasibət bildirməyib. Məhkəmənin xuliqanlıq ittihamının nəyə əsaslandığı da açıqlanmayıb.

İnzibati Xətalar Məcəlləsinə görə, xırda xuliqanlığa görə inzibati həbs bir ayadək müddətə tətbiq edilə bilər.

Leave A Reply