Nardaran əməliyyatının 11 ili
Bakının Nardaran qəsəbəsində keçirilən polis əməliyyatından noyabrın 26-da 11 il ötür. 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi qəsəbədə xüsusi əməliyyat keçirmişdi. Şahidlərin sözlərinə görə, əməliyyat Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin namaz qıldığı evə basqınla başlayıb.
Hadisələr zamanı altı nəfər ölüb: dörd qəsəbə sakini - Sarvan Səfərov, Əkbər Babayev, Rafael Bünyadov və Fərahim Bünyadov, həmçinin iki polis əməkdaşı - Vüqar Nəsibov və İsmayıl Tağıyev.
Əməliyyat zamanı 100-dən çox adam saxlanılıb, 44 nəfərə ağır maddələrlə ittiham irəli sürülüb. 2017-ci ildə Taleh Bağırzadə və Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19 il, Rasim Cəbrayılov 17 il, Fuad Qəhrəmanlı və Ramin Yarıyev isə 10 il həbs cəzası alıb. Sonrakı məhkəmələrdə daha 24 nəfər uzunmüddətli həbs cəzasına məhkum edilib; beləliklə, üç əsas məhkəmə prosesində 42 nəfər barəsində hökm çıxarılıb.
Təqsirləndirilənlər məhkəmədə istintaq zamanı işgəncəyə məruz qaldıqlarını deyiblər. Taleh Bağırzadənin məhkəmədəki ifadəsinə görə, o, idarədə günlərlə döyülüb, burnu sındırılıb, ondan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin və Milli Şura rəhbərliyinin əleyhinə ifadə almağa çalışıblar. Güllə yarası alan Abbas Hüseynov xəstəxanaya deyil, birbaşa idarəyə aparıldığını, yaralı halda döyüldüyünü və dəhlizdə üstünə it buraxıldığını deyib. Cabbar Cabbarov, Rasim Cəbrayılov, Ağəli Yahyayev və digər təqsirləndirilənlər elektrik cərəyanına verildiklərini, dəyənəklə döyüldüklərini və ailə üzvləri ilə hədələndiklərini bildiriblər. Daxili İşlər Nazirliyi və Baş Prokurorluq işgəncə iddialarını təkzib edib.
Hadisələrdən 11 il keçsə də, qəsəbədə polis nəzarətinin və məhdudiyyətlərin davam etdiyi deyilir. Deyilənə görə, nəzarət yalnız qəsəbənin giriş-çıxışları ilə məhdudlaşmır: əməliyyatda öldürülən sakinlərin evləri və məzarları da polis və müşahidə kameraları ilə izlənilir. Əməliyyat zamanı güllə yarası alan və 15 il həbs cəzasına məhkum edilən Əbülfəz Bünyadovun yataq xəstəsi olduğu, yaşadığı evin isə hələ də polis nəzarətində saxlanıldığı və evə giriş-çıxışın məhdudlaşdırıldığı bildirilir.
2017, 2019 və 2021-ci illərin əfv sərəncamları ilə məhkumların bir qismi azadlığa buraxılıb. Taleh Bağırzadə və bir neçə digər məhkum isə həbsdə qalır.


