Sərhədçi atlarına 1,7 milyon
Dövlət Sərhəd Xidməti (DSX) balansındakı atlar üçün at yemi alınmasına 1 milyon 30 min 230 manat dəyərində tender elan edib. Noyabrın 25-də elan olunan tenderdə ümumilikdə 1380 ton, yəni 1 milyon 380 min kiloqram at yeminin alınması nəzərdə tutulur. Tender 2027-ci il yanvarın 11-də başa çatacaq.
Elan olunan məbləğə görə, bir kiloqram yem orta hesabla təxminən 75 qəpiyə başa gələcək.
Bu, DSX-nin bu il atların yemlənməsi üçün elan etdiyi ikinci tenderdir. Xidmət aprel ayında 683 min 810 manatlıq tender elan etmişdi. Həmin tender aprelin 30-da yekunlaşıb, qalibi “XEZRİ TRADE” MMC olub.
Beləliklə, iki tenderin ümumi məbləği 1 milyon 714 min 40 manat təşkil edir.


