Kamal İsayevə hökm dəyişmədi
Apellyasiya Məhkəməsi hakimiyyətin etnik azlıqlarla bağlı siyasətini tənqid edən Kamal İsayevin 8 il 6 aylıq həbs cəzasını dəyişməz saxlayıb. İnsan Haqları Naminə Həmrəylik Komitəsinin məlumatına görə, hakim Emin Əliyevin sədrlik etdiyi iclasda noyabrın 25-də müdafiə tərəfinin apellyasiya şikayəti təmin edilməyib.
Kamal İsayev və vəkili Nemət Kərimli məhkəmədə ittihamların əsassız olduğunu deyiblər. Müdafiə tərəfinin sözlərinə görə, İsayev dövlət əleyhinə çağırış etməyib və xarici qüvvələrin tapşırığını yerinə yetirməyib; o, cinayət işində adı keçən şəxslərin heç birini tanımadığını bildirib. “Mən Rusiyadakı Azərbaycan səfirliyinin tədbirlərinə maddi dəstək göstərmişəm, çıxışlarımda Azərbaycanın maraqlarını müdafiə edən fikirlər səsləndirmişəm. Görünür ki, bu, mənə qarşı açıq-aşkar qurulmuş işdir”, - İsayev məhkəmədə deyib.
Rusiya vətəndaşı olan və orada yaşayan İsayev 2025-ci ilin noyabrında Türkiyəyə səfəri zamanı saxlanılıb və Azərbaycana ekstradisiya edilib. Komitənin məlumatına görə, məhkəmədə onun 2025-ci il noyabrın 4-də Türkiyədə olduğu, bir gün sonra isə barəsində axtarış elan edildiyi məlum olub. İsayevin “YouTube”da “Jahid Kamal” və “Arya Toloş” adlı kanalları olub; o, bu kanallarda hakimiyyətin etnik azlıqlarla bağlı siyasətini tənqid edib.
Bakı Ağır Cinayətlər Məhkəməsi sentyabrın 8-də İsayevi Cinayət Məcəlləsinin 281.2 (qrup halında dövlət əleyhinə açıq çağırışlar), 281-1.2 (ölkənin ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolları qrup halında yaymaq) və 283.2.1-ci (zor tətbiqi və ya zor hədəsi ilə milli, irqi, sosial və ya dini nifrət salmaq) maddələri ilə təqsirli bilərək 8 il 6 ay həbs cəzasına məhkum edib.


