Berlində çadır aksiyası
Müsəlman Birliyi Hərəkatının fəalları Berlində Almaniya Xarici İşlər Nazirliyinin binası qarşısında çadır qurub 10 gündür etiraz aksiyası keçirir. Nazirliyin işçiləri hər gün işə gələndə çadırları, Azərbaycan bayrağını və siyasi məhbusların şəkillərini görür.
Aksiya iştirakçılarının sözlərinə görə, onlar Azərbaycanda hüquq pozuntularına etiraz edir və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin, Tofiq Yaqublunun, həmçinin həbsdə olan dindar qadınların və qadın jurnalistlərin azadlığını tələb edirlər. Fəallar həmin şəxslərin şərlənərək həbs edildiyini deyirlər. Onlardan birinin sözlərinə görə, hazırda doqquzdan çox qadın jurnalist həbsdədir.
Axşamlar hava şaxtaya düşsə də, fəallar aksiyanı davam etdirir. İştirakçılardan biri “HamamTimes”a deyib ki, demokratik ölkədə yaşayıb həbsdəki qadınların səsinə səs verməməyi özü üçün acizlik sayır və burada olmağı vətəndaşlıq borcu hesab edir.
Fəalların dediyinə görə, Almaniya Xarici İşlər Nazirliyi onların müraciətinə cavab verib. Aksiya iştirakçılarından birinin sözlərinə görə, nazirlik məsələ ilə bağlı tədbirlər gördüyünü, Azərbaycan hakimiyyəti ilə sıx əlaqədə olduğunu və ölkədə insan haqlarının vəziyyətini diqqətdə saxladığını bildirib. Fəallar cavab alsalar da, aksiyanı bitirmədiklərini və həbsdəki həmvətənlərinin səsini dünyaya çatdırmağa davam edəcəklərini deyirlər.
Əli Kərimlinin Bakıda məhkəməsi davam edir. Noyabrın 18-də isə Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayev narkotik ittihamı ilə 5 il 6 ay həbs cəzası alıb.


