MBH üzvünə yenidən həbs
Bakı Ağır Cinayətlər Məhkəməsi Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Samir Babayevə 5 il 6 ay həbs cəzası verib. Bu barədə noyabrın 18-də hüquq müdafiəçisi Zəfər Əhmədov sosial şəbəkədə məlumat yayıb. “Meydan TV”nin yazdığına görə, Babayev satış məqsədi olmadan külli miqdarda narkotik vasitə əldə etmə və saxlama maddəsi (234.1-1) ilə təqsirli bilinib.
Babayev əvvəllər də iki dəfə inzibati qaydada, bir dəfə cinayət ittihamı ilə həbs olunub. O, 2022-ci ildə dindar fəalların narkotik ittihamı ilə kütləvi həbsi zamanı saxlanılıb, Bakı Apellyasiya Məhkəməsi 2024-cü ilin yanvarında ona verilən 4 illik cəzanı 3 ilə endirib. Babayev cəzasını çəkib 2025-ci ilin dekabrında azadlığa çıxmışdı və əvvəlki həbslərini MBH üzvlüyü ilə bağlayırdı.
“Meydan TV”nin məlumatına görə, Babayev budəfəki həbsindən əvvəl sosial şəbəkədə İranın keçmiş ali dini lideri Əli Xameneinin ölümü ilə bağlı paylaşımlar edibmiş. Xamenei bu ilin fevralında ABŞ və İsrailin İrana hava zərbələri nəticəsində öldürülüb.
MBH-nin sədri Taleh Bağırzadə də daxil olmaqla təşkilatın bir sıra üzvləri həbsdədir, onların bir qismi 2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı, digərləri sonrakı illərdə narkotik ittihamı ilə həbs olunub və ittihamları qəbul etmirlər. Hüquq müdafiəçiləri narkotik ittihamı ilə həbs olunan dindarları siyasi məhbus siyahısına salıb. Hökumət isə ölkədə heç kimin dini inancına görə təqib olunmadığını deyir.


