Amsterdamda Qəzza yürüşü
Amsterdamda noyabrın 8-də keçirilən “Qırmızı xətt” yürüşünə 200 mindən çox insan qatılıb. Bu rəqəmi təşkilatçılardan olan “Amnesty International” insan haqları təşkilatının Niderland bölməsi açıqlayıb. Əksəriyyəti qırmızı geyinmiş etirazçılar hökumətdən İsrailə ticarət məhdudiyyətlərini sərtləşdirməyi və silah satışını tam dayandırmağı tələb edib. Yürüşün önündəki şüarda “Soyqırıma pul yoxdur” mənasında yazı var idi.
“Orada baş verənlər qeyri-insanidir. Mənə görə, Niderland hakimiyyəti heç nə etmir, ciddi addım atmağa cəsarət etmir”, - yürüş iştirakçısı Mayk van Donqen “Al Jazeera” və AP-yə deyib.
Baş nazir Rob Yetten keçən il yürüşə qatılsa da, bu dəfə gəlməyib. O, cümə günü mətbuat konfransında hökumətini müdafiə edib: “Hər gün, hər həftə oradakı dəhşətli vəziyyəti yüngülləşdirmək üçün əlimizdən gələni edirik”. Onun sözlərinə görə, hökumət Qəzza ilə bağlı razılaşmalara əməl etməsi üçün İsrailə siyasi və diplomatik təzyiqi artırır. Fevralda hakimiyyətə gələn azlıq hökuməti İsrailin məskunlaşma yaşayış məntəqələrində istehsal olunan malların idxalını qadağan edib, bu da İsraillə diplomatik gərginlik yaradıb.
Qəzza müharibəsi iki ölkənin münasibətlərini korlayıb: Niderlandın xarici işlər naziri keçən il İsrailə qarşı yeni sanksiyalara nail ola bilməyib istefa verib. Oxşar yürüşlər keçən il Haaqada və Amsterdamda keçirilib. “Al Jazeera”nın məlumatına görə, 2023-cü ilin oktyabrından bəri Qəzzada ən azı 74 min fələstinli, o cümlədən 21 min uşaq ölüb, 2025-ci il oktyabrın 10-da “atəşkəs” elan olunsa da, İsrailin hücumları demək olar ki, hər gün davam edir.


