Əraqçidən Ağ Evə seçim

İranın xarici işlər naziri Abbas Əraqçi noyabrın 8-də X sosial şəbəkəsində ABŞ-yə müraciət edib: “Amerikalı seçicilər seçimini edib. İndi seçim etmək növbəsi Ağ Evindir. İki günlük təklifimiz qüvvədə qalır: bütün cəbhələrdə müharibənin dayandırılması da daxil olmaqla tələbləri yerinə yetirin və nəticəsini görəcəksiniz. Ya da müharibəni seçin və ayıq, döyüşlərdə bişmiş döyüşçülərimizin cəhənnəm yağdırdığını görün”.

Əraqçinin yazısı Respublikaçılar Partiyasının ara seçkilərdə həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğu itirməsindən bir neçə gün sonra çıxıb. Söhbət İranın Hörmüz boğazının açılması üçün təklif etdiyi plandan gedir: yeddi mərhələli plan əvvəl yeddi günə nəzərdə tutulmuşdu, Tehran sonra onun iki günə sıxışdırıla biləcəyini bildirib. Əraqçi şərtlər arasında ABŞ-nin İran limanlarına blokadasının götürülməsini, dondurulmuş aktivlərin azad edilməsini və İran neftinin satışına sanksiyalardan imtinanı göstərib.

Noyabrın 2-də Donald Tramp İranla razılaşmanın “çox yaxşı alındığını” demişdi. Vitse-prezident Cey Di Vens isə Tehrana son müddət qoyulmadığını, istənilən razılaşma üçün İranın nüvə proqramını bərpa etməyəcəyinə dair “möhkəm və yoxlanıla bilən öhdəlik” lazım olduğunu bildirib.

Son günlərdə gərginlik artıb. ABŞ noyabrın 7-də Oman körfəzində blokadanı yarmağa çalışdığını dediyi gəmini vurub və İrana quru yolları ilə silah daşınmasını kəsmək üçün “Dəmir Qapı” işçi qrupu yaradıb. SEPAH isə raketlərin 2 000 kilometrlik uçuş həddini götürdüyünü bildirib.

ABŞ-nin Dövlət katibi Marko Rubio noyabrın 8-də Floridada jurnalistlərə deyib ki, İranla danışıqlarda irəliləyiş yoxdur: “İranın tələbləri sadəcə qəbuledilməz deyil, bəzi hallarda hədsiz, absurd və tamamilə qeyri-realdır”. Onun sözlərinə görə, Tramp hər problemi diplomatik yolla həll etməyə üstünlük verir, amma ABŞ qüvvələrinə təhdid yaranarsa, cavab veriləcək.

Noyabrın 8-i gecə İranın Qeşm adasında dörd partlayış eşidilib. IRNA agentliyi adaya ABŞ tərəfindən mərmi atıldığını, eyni zamanda partlayışların Hörmüz boğazındakı İran qüvvələrinin hərəkətləri ilə bağlı ola biləcəyini yazıb. Hörmüzqan valisinin müavini Əhməd Nəfisi isə hücumun ABŞ ordusu tərəfindən yaşayış və ticarət zonalarından kənarda həyata keçirildiyini, xəsarət alan və mühüm infrastruktura ziyan dəyən olmadığını bildirib.

Leave A Reply