Azərbaycanda fırıldaqçılıq

Sumsub və Statista tərəfindən hazırlanmış “Global Fraud Index 2025” rəqəmsal fırıldaqçılıq riskinin ölkələr üzrə müqayisəli xəritəsini təqdim edib. Azərbaycan bu siyahıda ən az qorunan 15 ölkədən biri hesab edilib.

Hesabat 112 ölkəni dörd sütun – fırıldaqçılıq fəaliyyəti, rəqəmsal resurslara çıxış, dövlət müdaxiləsi və iqtisadi sabitlik üzrə qiymətləndirir.

Nəticələrə görə:

  • Ən yaxşı qorunan 15 ölkə Luxemburq, Danimarka, Finlandiya, Norveç, Niderland, İsveçrə, Yeni Zelandiya, İsveç, Avstriya, Sinqapur, Sloveniya, İsrail, Malta, Litva və Avstraliyadır.
  • Ən az qorunan 15 ölkə Pakistan, İndoneziya, Nigeriya, Hindistan, Tanzaniya, Uqanda, Banqladeş, Ruanda, Azərbaycan, Şri‑Lanka, Efiopiya, Braziliya, Ermənistan, Keniya və Kolumbiyadır.

İndeks 2024‑cü ilin lideri olan Sinqapurun 2025-ci ildə onuncu yerə, ABŞ-ın 36 pillə geriləyərək 91‑ci sıraya endiyini və Malesiyanın 52 pillə gerilədiyini göstərir.

Avropa ölkələri fırıldaqçılığa qarşı müdafiə baxımından siyahının yuxarı hissəsində toplaşıb. Pakistan isə ikinci dəfə sonuncu yeri tutub.

Müəlliflər vurğulayırlar ki, yalnız fırıldaqçılıq nisbətlərinə baxmaq kifayət deyil; iqtisadiyyatlar rəqəmsallaşdıqca dələduzlar zəif nöqtələrdən istifadə edirlər və xüsusİ analizlər olmadan təhdidlərin qarşısının alınması mümkün deyil.

Azərbaycanda rəqəmsal fırıldaqçılığın vəziyyəti

Azerbaycan son illərdə qeyri‑nağd ödənişlərin və rəqəmsal bankçılığın sürətlə genişləndiyi ölkələrdən biridir.

“Fintech Summit” analitik icmalına görə, Azərbaycanın nağdsız ödəniş infrastrukturu xeyli genişlənib. Bu, bank sektorunu e‑bank xidmətlərini inkişaf etdirməyə, elektron platformaları yeniləməyə və ümumi maliyyə əməliyyatlarının rəqəmsallaşmasını sürətləndirməyə vadar edib.

2024‑cü ildə Azərbaycan bankları tərəfindən buraxılmış kartlarla aparılan ödənişlərin ümumi həcmi 126 milyard manatı (74,1 milyard dollar) aşaraq 2023‑cü illə müqayisədə 27 % artım nümayiş etdirib.

2025‑ci ilin aprel ayına qədər aylıq nağdsız ödənişlər 10 milyard manat səviyyəsinə yaxınlaşıb.

Mərkəzi Bank rəsmilərinin sözlərinə görə, 2014‑2025‑ci illər arasında daxili nağdsız əməliyyatların sayı 91 % artıb və artıq 10 ödəniş kartı əməliyyatından 9‑u nağdsız şəkildə həyata keçirilir.

Bu sürətli rəqəmsallaşma ilə yanaşı, rəsmilər kibertəhlükəsizlik və fırıldaqçılıq risklərinin də artdığını etiraf edirlər.

Bank kartı fırıldaqları

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru Rauf Cabbarovun Baku Fintech Forum 2025‑də verdiyi məlumata görə, 2024‑cü ildə bank kartlarından 22 milyon fırıldaqçılıq əməliyyatı qeydə alınıb və 17 000 dələduz əməliyyat aşkarlanıb.

Cabbarov 2025‑ci ildə fırıldaqçılıq hallarının 40 milyona çata biləcəyini xəbərdarlıq edib. O, həmçinin dünyada məlumat oğurluğu nəticəsində maliyyə sektorunun 2024‑cü ildə 1 trilyon dollardan çox zərər çəkdiyini, bütün məlumat pozuntularının 74 %-nin insan səhvləri və sosial mühəndisliklə bağlı olduğunu qeyd edib.

Mərkəzi Bankın statistikasına görə 2025‑ci ilin üçüncü rübündə 2 233 bank kartı fırıldaqçılığı halı qeydə alınıb və bu fırıldaqçılıq nəticəsində 1,185 milyon manat məbləğində zərər dəyib. Bu, ikinci rüblə müqayisədə müvafiq olaraq 3,4 və 3,9 dəfə artım deməkdir.

Ölkədən kənarda kart fırıldaqçılığı ilə bağlı zərərin dəyəri 28,4 % azalaraq 308 668 manata düşsə də, belə halların sayı 59,6 % artaraq 7 669‑a çatıb. Rüb ərzində ölkə daxilində fırıldaq halları əsasən hesab oğurluğu (39,4 %) və digər növ fırıldaqlarla (60,6 %) bağlı olub. Bu halların 98,9 %‑i e‑ticarət və mobil tətbiqlər vasitəsilə həyata keçirilib.

Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024‑cü ildə xaricdən edilən kiberdələduzluq müdaxilələri nəticəsində 22.442.838 manat vəsait oğurlanıb; ümumilikdə 16 804 hal qeydə alınıb.

Nazirliyin açıqladığı detallı siyahıda göstərilir ki:

  • 1 027 hal üzrə saxta linklər vasitəsilə 2.043.896 manat,
  • 411 hal üzrə onlayn alış‑veriş elanlarına zəng edərək şəxsi məlumatların alınması nəticəsində 1.196.786 manat,
  • 290 hal üzrə özünü bank işçisi kimi təqdim edənlər tərəfindən 598.048 manat,
  • 185 hal üzrə mobil telefonlara müdaxilə nəticəsində 311,728 manat və s. oğurlanıb.

Nazirlik vətəndaşları naməlum nömrələrdən gələn zəng və mesajlara etibar etməməyə, şübhəli keçidlərə klikləməməyə və onlayn ödənişlər zamanı ehtiyatlı olmağa çağırır.

Ekspert rəyi

İnternet təhlükəsizliyi üzrə ekspert, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz nağdsız ödənişlərin artımı fonunda statistik məlumatların gizli saxlanılmasının və bankların məsuliyyəti barədə şəffaflığın olmamasının problemləri dərinləşdirdiyini bildirir.

O, problemin həlli üçün:

  • Fırıldaq halları ən çox qeydə alınan bankların adlarının açıqlanmasını,
  • Mərkəzi Bank tərəfindən identifikasiya qaydalarının sərtləşdirilməsini,
  • Mobil tətbiqlərin kodlarının auditini və fövqəladə “SOS” düyməsinin tətbiqini,
  • Bank və mobil operatorlarda daxili nəzarət mexanizmlərinin gücləndirilməsini,
  • Kiberdələduzluq üçün hüquqi məsuliyyətin artırılmasını təklif edir.

Azərbaycanda fırıldaqçılıq

Leave A Reply