AzTV-nin süni pandemiya iddiası
AzTV ABŞ Ədliyyə Departamentinin açıqladığı “Eptşeyn sənədləri”nə istinad edərək Covid-19-un süni şəkildə yaradılmış pandemiya olduğunu iddia edib. Dövlət kanalı sənədlərdə pandemiyalarla bağlı yazışmaların yer aldığını vurğulayaraq bunu qlobal miqyaslı planlaşdırılmış proses kimi təqdim edib.
“Anadolu Agentliyi”nin yaydığı məlumatlarda isə Cefri Epşteynlə əlaqəli elektron poçt yazışmalarında, o cümlədən Bill Geystlə aparılan müzakirələrdə “pandemiya simulyasiyası” və “pandemiyalara hazırlıq” kimi ifadələrin keçdiyi bildirilir.
Hər iki media qurumunun yaydığı bu məlumatlar ictimai müzakirələrə səbəb olub və sosial şəbəkələrdə geniş rezonans doğurub.
“Epstein sənədləri” nədir və hansı məzmunda yayımlanıb?
Fevralın əvvəlində ABŞ Ədliyyə Departamenti Cefri Epşteyn işinə dair 3,5 milyon elektron poçt və sənədi yayıb. Həmin sənədlərin bir hissəsində texnologiya liderləri ilə – Elon Mask, Bill Geyts və digərləri ilə yazışmalar yer alır.
Bəzi məktublarda “pandemiyalara hazırlıq” mövzusu müzakirə olunur.
Məsələn, 2015‑ci ilin martında Epşteynə göndərilən “Pandemiyalara hazırlıq” mövzusunda məktubda yazışan şəxs onu pandemiya hazırlıq iclasının gündəliyi ilə tanış edir, görüşdə Dünya Səhiyyə Təşkilatının (WHO) və Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakını təklif edir.
“Chosun Biz” xəbər portalı yazır ki, 2017‑ci ildə Bill Geytsə ünvanlanan və daha sonra Epşteynə yönləndirilən məktubda böyük epidemiyaların və infeksiyaların yayılmasının simulyasiyası, neyrotexnologiya tədqiqatları və qlobal epidemiyaların yayılma senariləri müzakirə olunub.
Bu yazışmalar pandemiyalara hazırlıq və səhiyyə sahəsində tədqiqatlar barədədir.
“Tempo English” adlı digər nəşr yazır ki, sözügedən məktubda tədbirin məqsədinin “böyük epidemiyaların yayılması ssenarilərini sınaqdan keçirmək və dövlətlərin hazırlıq qabiliyyətini yoxlamaq” olduğu qeyd olunur.
Bill Geyts Fondunun nümayəndələri izah ediblər ki, 2019‑cu ilin oktyabrında keçirilən “Event 201” simulyasiyası da viruslardan əvvəlcədən xəbərdar olmaq üçün hazırlıq təlimi olub və heç bir real pandemiyanın planlaşdırılması demək deyil.
“Anadolu Agentliyi”nin məqaləsində qeyd olunur ki, Epşteynə göndərilən məktubda Geytsin düşüncə mərkəzinin layihəsi (bgC3) çərçivəsində “Strain pandemic simulation” (yəni ştammların yayılması simulyasiyası) layihəsinə dair texniki tövsiyələr də yer alıb və bu məlumatlar sonradan Epşteynlə bölüşülüb.
Lakin məqalədə vurğulanır ki, məktublar pandemiyaların modelləşdirilməsi və bioloji müdafiə layihələri barədə fikir mübadiləsidir və COVID‑19-un qəsdən yaradıldığına dair heç bir sübut təqdim etmir.
AzTV‑nin iddiası: “COVID‑19 süni yaradılmış pandemiya idi”
Azərbaycanın dövlət kanalı AzTV sosial şəbəkələrdə “Covid‑19 süni yaradılmış pandemiya idi” başlığı ilə paylaşım edərək bu iddianı ABŞ Ədliyyə Departamentinin yayımladığı “Epşteyn sənədləri”nə əsaslandırmağa çalışıb.
Lakin açıqlanan sənədlərdə COVID‑19-un laboratoriyada hazırlanması və ya qəsdən yayılması barədə məlumat yoxdur.
Yazışmalarda sadəcə pandemiyaların simulyasiyası, pandemiyalara hazırlıq və biotəhlükəsizlik layihələri barədə məlumat verilir.
Elm nə deyir?
Müxtəlif elmi araşdırmalar və beynəlxalq qurumların hesabatları COVID‑19-un mənşəyi ilə bağlı dezinformasiyaları təkzib edir:
- Ümumdünya Səhiyyə Təşkilatının SAGO (Yeni Patogenlərin Mənşəyi üzrə Elmi Məsləhət Qrupu) 2025‑ci ilin hesabatında COVID‑19-un ən ehtimal olunan mənşəyinin heyvanlardan insanlara təbii keçid (zoonoz) olduğunu bildirir və laboratotoriya sızması ehtimalının hələ də araşdırıldığını, lakin qəsdən yaradılma və ya bio-silah olduğuna dair heç bir dəlil olmadığını vurğulayır.
- “Nature Medicine” jurnalında 2020‑ci ildə dərc edilən “SARS‑CoV‑2-nin proksimalın mənşəyi” adlı məqalədə virusun genom analizləri əsasında laboratoriya konstruksiyası olmadığı və onun insan ACE2 reseptoruna yüksək uyğunluğunun təbii seleksiya nəticəsi olduğu göstərilir.
- “Journal of Korean Medical Science” jurnalında 2025‑ci ildə çap edilən məqalədə təbiətdən yaranma hipotezinin geniş dəstəkləndiyi, laboratoriya sızması versiyasının isə sübut azlığı səbəbindən ehtimal kimi qaldığı, virusun qəsdən bio-silah kimi hazırlanması iddiasının elmi əsasının olmadığı vurğulanır.
- “Reuters” agentliyi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) istinadən xəbər verir ki, 2025‑ci ildə CIA COVID‑19-un laboratoriya mənşəli ola biləcəyini “aşağı ehtimalla” qiymətləndirib, lakin həm təbii, həm də araşdırma əlaqəli ehtimalların mümkün olduğunu və qəsdən hazırlanma barədə dəlil olmadığını bildirib.
Bu nüfuzlu mənbələr AzTV-nin iddiasının elmi əsası olmadığını göstərir.
Sənədlərdə pandemiya simulyasiyası və pandemiyalara hazırlıq kimi layihələr müzakirə olunub; onlardan sui‑istifadə edərək süni pandemiya iddiası irəli sürmək dezinformasiya təbliğatıdır.
Sosial şəbəkədə quru sərhədlər mövzusu
AzTV‑nin müvafiq paylaşımına yazılan rəylərin bir çoxu pandemiyadan əlaqəsiz olaraq Azərbaycanın quru sərhədlərinin illərlə bağlı saxlanılmasına etiraz xarakterli olub.
Azərbaycan 2020‑ci ilin martında COVID‑19 ilə mübarizə üçün bütün qonşu ölkələrlə (İran, Rusiya, Gürcüstan və Türkiyə) quru sərhədlərini bağlayıb. Sonrakı illərdə hökumət sərhədlərin bağlı qalmasının səbəbi kimi əvvəlcə pandemiya risklərini, daha sonra isə təhlükəsizlik amillərini göstərib.
Azərbaycan hökuməti ötən ilin dekabr ayında “xüsusi karantin rejimini” yenidən uzadaraq quru sərhədlərin 2026‑cı ilin 1 aprelinə qədər bağlı qalacağını elan edib. Bu məhdudiyyət 2020‑ci ilin mart ayından qüvvədədir. Digər bütün anti‑pandemiya tədbirləri aradan qaldırılsa da, sərhədlər bağlı qalır və yalnız hava nəqliyyatı ilə giriş-çıxış mümkündür.
Naxçıvandan Türkiyəyə çıxış istisna olmaqla, bütün quru sərhədləri beş ildən artıqdır ki, bağlıdır.
2024‑cü ilin əvvəlində Moskva terror aktından sonra hökumət sərhədlərin bağlanmasını təhlükəsizlik tədbiri kimi izah etməyə başlayıb. Prezident İlham Əliyev COP29 forumunda çıxışı zamanı quru sərhədlərin bağlı olmasının milli təhlükəsizlik baxımından “böyük fayda” gətirdiyini bildirib.
Lakin ekspertlər hökumətin arqumentlərini tənqid edir, sərhədlərin bağlı qalmasının təhlükəsizliklə bağlı sübutların olmadığını və vətəndaşların hərəkət azadlığının pozulduğunu qeyd edirlər.
Əhalinin bir qismi isə quru sərhədlərin bu qədər uzun müddət bağlı saxlanılmasının məqsədinin hökumətin nəzarətində olan AZAL aviaşirkətinin gəlirlərini artırmaq olduğunu düşünür.
Sərhədlərin bağlı qalması sadə vətəndaşlar üçün hava biletlərinin baha olması səbəbindən böyük maddi yük yaradır. Bir çox ailələr qonşu ölkələrdəki yaxınlarının yas və toy mərasimlərinə gedə bilmir, əcəl hallarında ailə üzvlərinin yanına yetişə bilmir.
AzTV-nin süni pandemiya iddiası