26 nəfər xəstəxanalara yerləşdirilib

Azərbaycan Baş Prokurorluğu sentyabrın 28-də cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb.

 

Foto: google.az

 

Qurumun mətbuat xidmətindən bildiriblər ki, son günlər hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.

Bildirilir ki, səhər saat 7 radələrindən başlayaraq Tərtər rayonunun mərkəzi, o cümlədən əhalinin sıx yaşadığı kəndlər ağır artilleriyadan intensiv atəşə tutulub: “Azad Qaraqoyunlu kənd sakinləri Əhmədov Mayıl Ələsgər oğlu, Salahov Nizami Məcid oğlu, Kərimov Elşən Şahmat oğluna məxsus evlərə külli miqdarda ziyan dəyib, rayonun əsas strateji körpüsü və polis şöbəsinə zərbələr endirilib”.

Bundan başqa, bildirildiyinə görə, Tərtər şəhəri E.Səfərov küçəsi 54 mənzildən ibarət 10 saylı binası, rayonun Şıxarx qəsəbəsində 16 saylı çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb, bina sakinləri təxliyə olunub.

“Həmçinin işğalçı ölkənin qüvvələrinin intensiv atəşi nəticəsində Tərtər rayonunun Səhləbad kəndində Ağayev Bəxtiyar Rəhim oğluna, Yuxarı Qapanlı kənd sakini Rəsmiyyə Həsənovaya məxsus yardımçı tikililərə top mərmilərinin düşməsi nəticəsində çoxsaylı xırda və iribuynuzlu heyvan tələf olub. Hazırda Prokurorluğun əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir…”.

Qurum dünən, sentyabrın 27-də bildirmişdi ki, top atəşi nəticəsində Naftalanda bir ailənin 5 üzvü həlak olub.

Baş Prokurorluq hərbi qulluqçular arasında da ölən və yaralananların olduğunu bildirir. Amma bununla bağlı dəqiq say göstərilmir.

 

 

Mənbə: Azadlıq Radiosu

Leave A Reply