Oktyabrın 5-də səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin Radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alıb.
Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Müdafiə Nazirliyi bildirib ki, Ermənistandan Azərbaycan ərazisində əhalinin kompakt yaşadığı məntəqələrə, mülki infrastruktura sistematik raket zərbələri endirir:
“Eyni zamanda, Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan ərazisinin Ermənistandan atəşə tutulması faktını inkar edir və bunun işğal olunmuş ərazilərimizdən həyata keçirildiyini bildirir. Ermənistanın bu cür məsuliyyətsiz və cinayətkar hərəkəti məqsədyönlü şəkildə Azərbaycanı cavab tədbirləri görməyə təhrik edir”,-deyə nazirlik qeyd edib.
Müdafiə Nazirliyi bildirib ki, hazırda Füzuli rayonunun Horadiz şəhəri, Ağcabədi rayonunun kəndləri, Tərtər şəhəri və rayonun kəndləri, Goranboy və Göygöl rayonlarının əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur. Bundan əlavə, oktyabrın 5-də səhər Gəncə şəhəri yeniən atəşə tutulub.
Oktyabrın 4-də isə Azərbaycanın Mingəçevir şəhərinə Ermənistan tərəfindən dörd ədəd “Toçka” qısamənzilli ballistik raket buraxılıb. İnfrastruktura ciddi ziyan dəyməyib, beş nəfər yaralanıb.
Bu barədə məlumat yayan Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, raket Mingəçevirdə enerji blokunun yaxınlığına düşüb:
“Ancaq partlamayıb. Ermənistanın ağlını başına yığması və məsuliyyətini dərk etməsi üçün sülhə məcburetmə davam etməlidir”.
Mənbə: Meydan TV