Mənbə: BBC Azərbaycan
Azərbaycanda beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının yoxluğu hər cür böhran zamanı və hər sahədə hiss olunur, təhlilçilər deyir.

Bəzilərinə görə isə, Azərbaycan hökuməti gec-tez beynəlxalq təşkilatların ölkəyə gəlməsinə yaşıl işıq yandırmalı olacaq.

Bu yaxınlarda Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva beynəlxalq insan haqları təşkilatlarını ermənilərin xaricdə azərbaycanlılara hücum etməsinə göz yummamağa çağırdıqdan sonra tənqid olunurdu. Tənqidçilər Azərbaycan hökumətinin beynəlxalq insan haqları təşkilatlarını və QHT-ləri ölkədən çıxardıqdan sonra onlardan kömək istəməsinə diqqəti çəkirdi.

Human Rights Watch təşkilatı BBC News Azərbaycancaya deyib ki, Azərbaycan hökumətinin bu təşkilata ehtiyacı varsa, onu harada və necə tapacağını yaxşı bilir.

“Hökumət başa düşdü ki..”

Təhlilçilər deyir ki, Azərbaycan hökuməti beynəlxalq təşkilatlara qapılarını bağladığı üçün bir çox mövzularda geridə qalacağını “bir gün anlayacaq.”

Rasional İnkişaf Qadınlara Yardım təşkilatının rəhbəri Şəhla İsmayıl hesab edir ki, Azərbaycan hökuməti beynəlxalq təşkilatların dəstəyi və yerli təşkilatların səfərbərliyi olmadan böyük meydanlarda mübarizəni itirdiyini “başa düşəcək”.

“2014-cü ildən etibarən beynəlxalq donorların, təşkilatların Azərbaycandakı fəaliyyətinə demək olar ki, qadağa qoyulub. Elə məhdudiyyətlər yaranıb, qanuna elə dəyişiklər edilib ki, onların burada fəaliyyət göstərməsi mümkünsüz olub. Yəni, bu, təkcə bu cür böhranlara düşəndə gözə görünmür, ümumiyyətlə, Azərbaycanın elə bir sahəsi yoxdur ki, orada QHT-lərin yoxluğu hiss olunmasın.”

Şəhla İsmayıl hesab edir ki, artıq məsələyə fərqli yanaşmağın vaxtıdır: “Bütovlükdə ümid edirəm ki, hökumət beynəlxalq təşkilatların ölkədə fəaliyyəti məsələsinə yenidən baxmağı düşünəcək.”

“Azərbaycan gec-tez yaşıl işıq yandıracaq”

Hüquqşünas Ələsgər Məmmədlinin də ümidləri böyükdür. “Azərbaycan bu prosesdə gec-tez yaşıl işıq yandıracaq”, – o deyir.

“İndiki halda belə anlaşılır ki, beynəlxalq qurumlara zaman-zaman üz tutub onların mövqeyini görməyə ehtiyac hiss olunur. Bu, onu göstərir ki, vaxtilə verilən qərar yanlış olub. Həm də biz hökumət olaraq, beynəlxalq qurumları özümüzə qarşı qaldırmışıq. İndi onlardan obyektiv mövqe gözləməyimiz, həm də bizim 5-6 il öncə onlara qarşı obyektiv mövqe tutmamağımızın nəticəsidir. Yəni, bu baxımdan, əgər biz 5-6 il əvvəl daha obyektiv davransaydıq, yəqin ki bizim indi onlardan daha obyektiv reaksiya gözləməyə daha çox haqqımız olardı,” – o bildirir.

Ancaq Ələsgər Məmmədli qapıların yaxın vaxtlarda açılacağına böyük ümid bəsləmir və bunu “beynəlxalq güclər Azərbaycanda hökumət dəyişikliyinə meyllidir” kimi qəsd nəzəriyyələriylə əlaqələndirir.

“Hökumət birmənalı olaraq hələ də o ritorikanı davam etdirir ki, beynəlxalq güclər hansısa formada “hakimiyyət dəyişikliyinə meyllidir”, eyni zamanda, ölkədə hansısa 5-ci kolon fəaliyyət göstərir, məhz bu qurumlar ölkə daxilində hansısa insan hüquqları məsələsini süni gündəmə gətirirlər. Bu isə ondan xəbər verir ki, bu günə qədər hökumət bu təşkilatların ölkədən çıxarılmasından peşmançılıq çəkmir və bunu doğru hesab edir. Bu halda onların təkrar geri qayıtması ilə bağlı qərar veriləcəyini düşünmürəm.” – cənab Məmmədli deyir.

“Hər iki tərəf səy göstərsə”

Azərbaycan hökuməti beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün onlara müraciət etməyi düşünür, bunu Milli Məclisin deputatı, parlamentin insan hüquqları komitəsinin sədri Zahid Oruc deyir.

“Hazırda Azərbaycan hökuməti bir sıra beynəxalq qurumlara müraciət etmək, əlaqələri yeniləmək, daha sağlam əsaslarla əməkdaşlıq formalarını aramaq mövqeyindədir”, – o bildirib.

“Bu istiqamətdə fəaliyyət göstərmək üçün konsepsiyalara malikik. Şübhəsiz ki, Azərbaycan dövləti qətiyyən izolyasiya olunmuş qaydada fəaliyyət göstərməkdə maraqlı deyil”, – Zahid Oruc əlavə edib.

Ancaq onun sözlərinə görə, “bu yöndə hər iki tərəfdən səylər göstəriləcəyi təqdirdə soyuq münasibətləri ortadan qaldırmaq mümkün ola bilər.”

Zahid Oruc hesab edir ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün şərt odur ki, bu təşkilatlar “bəlli mərkəzlərdən verilmiş məlumatları birtərəfli qaydada, ölkədə insan hüquqlarının ümumi durumu kimi qələmə vermək mövqeyindən geri dursalar” yenidən “bir çox məsələləri başlatmaq” mümkün ola bilər.

“Biz beynəlxalq təşkilatların ayrılmaz bir hissəsiyik…”, – Zahid Oruc əlavə edib.

Mehriban Əliyevanın çağırışı – “ünvanı səhv salıb”

Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva beynəlxalq hüquq müdafiə təşkilatlarına çağırış ünvanlayıb. O, iyulun ortalarında Ermənistanla Azərbaycanın Tovuz sərhəddində döyüşlərdən sonra dünya boyunca ermənilər və azərbaycanlılar arasnda baş vermiş əlbəyaxa döyüşlərlə bağlı danışarkən deyib:

“Mən həmçinin çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram. Lakin nədənsə biz hələ onların səslərini eşitmirik. Ümidvaram ki, bu qurumlar yetərincə prinsipiallıq nümayiş etdirərək ikili standartlar siyasətindən əl çəkəcək və faktlara əsaslanan bəyanatlarla çıxış edəcəklər.” – vitse-prezidentin çağırışında deyilir.

Oksford Universitetində fəaliyyət göstərən Leyla Əliyeva hesab edir ki, “Azərbaycan bu məsələdə doğru ünvana müraciət etməyib.”

“Human Rights Watch da, Freedom House da ölkələrdə hökumətin siyasəti nəticəsində baş verən insan haqlarının pozuntularına reaksiya verirlər. Məncə Azərbaycan burada ünvanı qarışdırıb, düz ünvana müraciət etməyib. Özü də bu, birinci dəfə deyil. Münaqişədə insan haqlarının pozulmasına hansısa iddialar edəndə adətən Human Rights Watch, Freedom House-a çağırış edirlər. Baxmayaraq ki, bu təşkilatlar öz mandatlarına uyğun olaraq, adətən münaqişələrdə insan hüquqlarının pozuntusuna münasibət bildirmirlər.

Əlbəttə ki, normal münasibətlər qurmaq lazımdır. Əgər bu çağırış münasibətləri yaxşılaşdırmaq cəhdinin göstəricisidirsə, bu, müsbət haldır. Ancaq mən hesab edirəm ki, bu onlara qarşı ittiham irəli sürmək üçün sadəcə bir bəhanədir.” – təhlilçi BBC News Azərbaycancaya deyib.

Human Rights Watch: “Azərbaycan ünvanımızı bilir”

Human Rights Watch (HRW) təşkilatının Avropa və Orta Asiya üzrə direktor müavini Rachel Denber vurğulayır ki, Azərbaycan hökuməti bu təşkilatı 2015-ci ildən bəridir ölkəyə buraxmır. “Azərbaycan hökuməti bizi necə tapacağını yaxşı bilir. Onlar bizim insan hüquqları məsələsinə diqqət yetirməyimizi istəyirlərsə, o zaman onlar da insan hüquqları sahəsində Human Rights Watch-un Azərbaycanda da axtardığı dəyərlərin fərqində olmalıdırlar”, o deyir.

“Azərbaycanlılara və ermənilərə qarşı bəzi ölkələrdə törədilən zorakılıqların bəraəti yoxdur. Bu ölkələrin yerli hökumətlərinin hər iki icmanın əhalisinin təhlükəsizliyini qorumaq öhdəliyi var. Onların öhdəliyi var ki, bu icmalardakı hər bir şəxs təhlükəsizlikdə olsun.” – Rachel Denber BBC News Azərbaycancaya deyir.

“Doğrudur, Californiyada, Belçikada, Moskvada hökumətlərin öhdəliyi var ki, günahkarları məsuliyyətə cəlb etsin. Həm də insanları qorusun və onları təhlükəsiz hiss etdirsin. Mehriban Əliyeva istəyirsə ki, Human Rights Watch və ya Amnesty International, ya da Freedom House bu barədə danışsın, əlbəttə ki, bunu istəmək onun haqqıdır. Ancaq bu, həm də bizim hüququmuz və işimizin bir hissəsidir ki, Human Rights Watch Azərbaycanda da baş verən bütün növ insan hüquqlarının pozuntularından danışsın.” – qurum təmsilçisi bildirib.

Rachel Denber deyir ki, əgər Azərbaycan hökuməti birbaşa müraciət edərsə, o zaman Human Rights Watch Azərbaycanda “insan hüquqları məsələlərinin də daxil edildiyi gündəliyin müzakirəsinə hazırdır.”

Hesabına həbs qoyulan, ölkədən çıxarılan beynəlxalq təşkilatlar

2013-cü ildən Azərbaycanda bir sıra beynəlxalq təşkilatların bank hesablarına həbs qoyulmağa başlanıb, onların bəzilərinin fəaliyyətinə xitam verilərək ölkədən çıxarılıb. Bundan başqa, bir sıra fondların ölkədə maliyyələşdirdiyi layihələr dayandırılıb.

Fəaliyyətinə xitam verilmiş təşkilatlar arasında OXFAM, Şəffaflıq Azərbaycan, İREX və digərləri var.

2014-cü ildə Azərbaycanda QHT-lər, Qrantlar, İanələr haqqında qanunlara və İnzibati Xətalar Məcəlləsinə edilmiş bir sıra dəyişiklər nəticəsində yardım fondu yaratmaq, qrant və ianələrlə işləmək qaydaları dəyişib.

Dəyişiklərə görə, beynəlxalq donorların yerli QHT-lərə maliyyə ayırmaq üçün yerli ofis açması, Azərbaycan hökumətilə pul ayrılacaq mövzuları razılaşdırmağı təmin edən saziş imzalamasının vacibliyi bir sıra təşkilatın ölkədən getməsinə səbəb olub.

2013-cü ildə bank hesabına həbs qoyulmuş İREX təşkilatına qarşı 2014-cü ildə cinayət işi açılıb və fəaliyyətinə xitam verilib.

İREX-in ölkə direktoru olmuş Ələsgər Məmmədli deyir ki, “İREX ölkədə əsasən təhsil sahəsinə – təhsil mübadiləsi və yeni medianın inkişafına dəstək verib.”

“Tələbə mübadiləsi həyata keçirirdi. ABŞ universitet və məktəblərinə tələbə və şagirdlər göndərilirdi. Müəllimlərin mübadiləsi həyata keçirilirdi. Ölkənin 9-10 universitetinin vayfayla təmin olunmasına dəstək vermişdi. Yeni medianın inkişafına dəstək göstərirdi, yerli medianın inkişafına bilavasitə dəstək verirdi.” – cənab Məmmədli təşkilatın ölkədə gördüyü işləri sadalayır.

2017-ci ildə Şəffaflıq Azərbaycan təşkilatı ölkənin üç şəhərində – Bakı, Gəncə və Şəkidə “fəaliyyət göstərən hüquqi yardım mərkəzlərini bağladığını elan etdi. Ölkədə aparılan əsas işlərindən biri yerlərdə “ehtiyacı olanlara pulsuz hüquqi yardım etmək” olub, təşkilatın 2017-ci ildə Azərbaycanda fəaliyyətləri ilə bağlı hesabatda belə deyilir.

“Azərbaycanda 2014-cü ildə fəaliyyətinə xitam verilmiş təşkilatlardan biri də OXFAM-dır.

“Təşkilatın əsas missiyası bəlkə də o deyildi, bilmirəm, amma iqtisadi-inkifşafa dəstək verən bir qurum kimi xatirimdə qalıb,” – Şəhla İsmayıl deyir.

“Soğandır, çiyələkdir – bunların yetişdirilməsi ilə bağlı layihələr həyata keçirirdilər. Genderə tez-tez müraciət etdiklərinə görə, genderi necə inteqrasiya etmək lazımdır və s mövzularda bizim təşkilatın xidmətlərindən də istifadə edirdilər,” – Şəhla İsmayıl deyir.

Şəhla İsmayıl vurğulayır ki, “siyasi gündəmi olmayan bu təşkilatın istintaqa cəlb olunması və haqqında açılmış cinayət işinin bir ildən artıq süməsi həmin vaxt cəmiyyətdə xeyli təəccüb doğurub.”

Azərbaycanda xarici donorların maliyyəsi ilə ərsəyə gətirildiyi bildirilən Azad Fikir Universiteti öz sahəsində tanınmış şəxslərin – yazıçı, şair, siyasətçi, hüquqşünas, media rəhbərləri, akademiklərin mühazirələrini təşkil edərək, müxtəlif mövzularda – ictimai, iqtisadi, sosial, siyasi, ədəbi-mədəni məsələlərlə bağlı müzakirələr təşkil edib. 2013-cü ildə cinayət işi açılan və fəaliyyəti dayandırılmış qurumlardan biri də Azad Fikir Universiteti (AFU) olub.

AFU Demokratiyaya Milli Dəstək Fondu, ABŞ və Böyük Britaniyanın Bakıdakı səfirlikləri, Almaniyanın Marşall Fondu, Milli Demokratiya İnstitutu və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşib.

“AFU gənclər üçün, yeni və fərqli fikirlər eşitmək imkanı verən Forum idi. Tənqidi düşüncə, dünya görüşünün genişlənməsi üçün əhəmiyyətli olan bir forum,” – forumun həmtəsisçisi və rəhbəri Vüqar Salamlı deyir.

Human Rights Watch təşkilatı 2016-cı ildə yaydığı hesabatında Azərbaycanda 2014-cü ildə hökumət qurumlarının bir sıra böyük donorlar və onlardan qrant əldə etmiş təşkilatlara qarşı cinayət işi açması və qeydiyyata alınmamış qrantlara vergi cəriməsi tətbiq etməsinin ən azı bir il ərzində bir çox təşkilatların işini iflic etdiyini bildirib.

Yerli təhlilçilərə görə isə bütün bunlarla hökumət təkcə QHT sektoruna və vətəndaş cəmiyyətinə yox, bütünlükdə Azərbaycan cəmiyyətinə “zərbə vurub.”

Azərbaycanın Ədliyyə Nazirliyindən bir müddət öncə BBC News Azərbaycancaya verilən açıqlamada bildirilmişdi ki, “ölkədə QHT-lərin fəaliyyətinə heç bir maneə yoxdur, onlar qeydiyyatsız da fəaliyyət göstərə bilərlər.”

Leave A Reply