Mənbə: Meydan TV

 

Son gündə Azərbaycanda koronavirus infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 631 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, iyulun 28-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər də vəfat edib: “İndiyədək Azərbaycanda ümumilikdə 30858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 23873 nəfərmüalicə olunaraq sağalıb, 430 nəfər vəfat edib, aktiv xəstə sayı 6555 nəfərdir”.

Qərargahın açıqlamasına görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 8 min 429, ötən müddət ərzində isə ümumilikdə 698 min 815 test aparılıb.

Ötən həftə Səhiyyə Nazirliyi isə vurğulamışdı ki, 12 mindən də çox insan da bu virusla bağlı əlavə evdə müalicə alır və ya karantində saxlanır.

Dünən, iyulun 27-də Operativ Qərargah Azərbaycanda 396 şəxsin koronavirus (COVID-19) infeksiyasına yoluxduğunun aşkarlandığını açıqlamışdı.

Koronavirus pandemiyası ilə bağlı martın 24-dən Azərbaycanda karantin rejimidir. Aprelin sonundan rejimdə müəyyən yumşalmalar tətbiq edilib, bəzi iş və xidmət sahələrinin fəaliyyətinə icazə verilib. İyunun 21-dən isə yoluxmanın təkrar artması ilə bağlı Bakı və ölkənin bəzi yerlərində karantin yenidən sərtləşdirilib.

Leave A Reply