Sərbəst güləş

Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Azərbaycanın sərbəst güləşçisi Əli Tsokayev bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 92 kiloqram çəki dərəcəsində yarışan idmançı üçüncü yer uğrunda görüşdə iranlı dünya mükafatçısı Əmirhüseyn Firuzpurbandpeylə qarşılaşıb və rəqibini 6:0 hesabı ilə məğlub edib.

Bu nəticədən sonra Azərbaycan yığmasının turnirdə qazandığı medalların sayı altıya çatıb. Komandanın hesabında iki qızıl, iki gümüş və iki bürünc medal var.

Yarışdan sonra danışan Əli Tsokayev Avropa çempionatında olduğu kimi burada da qızıl medal qazanmaq istədiyini, lakin böyüklər arasında ilk dəfə iştirak etdiyi üçün təcrübəsinin çatmadığını bildirib.

Güləşçi amerikalı rəqibinə uduzduğu yarımfinal görüşündən bəhs edərkən deyib: “Amerikalı rəqibimlə yarımfinal görüşündə əvvəlcə hər şey yaxşı gedirdi. Sonradan bir qədər tələsməyə başladım. Demək olar ki, öz səhvlərim ucbatından məğlub oldum. Belə yüksək səviyyədə mübarizə aparmaq üçün təcrübəm bir qədər çatmadı”.

Tsokayev həm özünün, həm də məşqçilərinin qızıl medal gözlədiyini və bu nəticəni bürünc medal qazanmaqdan daha çox qızılı əldən vermək kimi qiymətləndirdiyini vurğulayıb. İdmançı həmçinin bu çəkidə mübarizə aparmağın çətin olduğunu və gələcəkdə çəkisini artırmaq istədiyini əlavə edib.

Leave A Reply